"Nəfəsinizi tutun. Sizə Türkiyə mediasında Rusiya ilə bağlı reportajlara aid bir neçə başlıq oxuyacağam: "Putin koronavirus qorxusundan Sibirdə bunkerə sığındı", "Putin Sibirdə gizli bir sığınacaqda yaşamağa başladı" və sair. Belə xəbərlər detektiv hekayələri geridə buraxır. Mənbə isə "Rusiya mediası"dır".
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin dikgazete.com saytının köşə yazarə Fuad Səfərov yazıb.
Müəllif daha sonra qeyd edib ki, bu məlumatları uzun müddət Rusiya KİV-də axtarsa da, tapa bilməyib:
"Məlum oldu ki, "sığınacaq" barədə bu xəbərlər bəzi rus müxalifətçilərin videobloqu və ya hansısa fərziyyələr əsasında hazırlanıb. Daha sonra Rusiyada ən çox oxunan həftəlik "Arquentı i faktı" qəzetinin müxbiri bu söz-söhbətlər barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovdan soruşdu. Peskov isə “Dedi-qodu hər zaman çox olur. Bunların reallıqla heç bir əlaqəsi yoxdur” deyib".
Fuad Səfərov daha sonra yazır: "Bəs, bu xəbərlərin mənbəyini “Rusiya mətbuatı” olaraq göstərmək nə dərəcədə doğrudur? Əgər belə bir şey olsa, bu xəbəri dərhal mən yazaram. Amma belə bir şey yoxdur!"