Liviyada mülki vətəndaşlara yönəlik hücumların 81 faizindən general Xəlifə Haftarın komandanlığındakı Milli Ordu məsuliyyət daşıyır.
Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin Liviya ofisinin yaydığı bəyanatda bildirilib.
Məlumatda Haftar ordusunun son hücumlarında 64 mülki şəxsin həlak olduğu, 67 nəfərin də yaralandığı bildirilib. Habelə, qiyamçı ordunun yaşayış yerlərini raket və top sistemləri ilə hədəf aldığı vurğulanıb.
BMT tərəfindən legitimliyi tanınan Liviya Milli Sülh Hökuməti isə Haftar ordusuna qarşı əməliyyatları davam etdirir. Son məlumatlara görə, hökumət qüvvələr qiyamçıların Vatiyyə hərbi hava bazasındakı silah anbarlarına hücum təşkil edib. Hücumda bir çox texnikanın və iki silahlı qiyamçının zərərsizləşdirildiyi bildirilib.
Hökumət qüvvələri Haftar ordusunun Hallatatdakı mövqeyini də darmadağın edib. Bundan başqa, Liviya Hərbi Hava Qüvvələri Haftarın paytaxt Tripolidən 200 km məsafədə yerləşən Nəsmə bölgəsindəki mövqelərinə qarşı əməliyyatları davam etdirir. Son əməliyyatda qiyamçı ordunun 5 hərbçisinin həlak olduğu, 3 hərbi texnikasının sıradan çıxdığı deyilib.
Digər yandan, Liviyanın Murzuk şəhərinin hərbi şurası general Haftarın çevriliş cəhdini rədd edərək, Sülh Hökumətinə dəstək verdiyini açıqlayıb.