Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen In 1945-ci ildə Koreyanın azad edilməsi zamanı həlak olan sovet əsgərlərinin xatirəsinin əbədiləşdirilməsindəki böyük töhfələrinə görə bu hadisənin 75 illiyi ərəfəsində Rusiyanın yubiley medalı ilə təltif edilib.
Teleqraf.com xəbər veri ki, bu barədə Rusiyanın Pxenyandakı səfirliyinin “Feysbuk” səhifəsində məlumat verilib:
“Rusiya Federasiyası Prezidentinin fərmanına əsasən KXDR Dövlət Şurasının sədri Kim Çen In KXDR ərazisində həlak olmuş və dəfn olunmuş sovet vətəndaşlarının xatirəsinin əbədiləşdirilməsində böyük şəxsi töhfələrinə görə “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib”.
Qeyd olunur ki, medal mayın 5-də Pxenyandakı “Mansude” Qurultay Sarayında Rusiya səfiri Aleksandr Matseqor tərəfindən KXDR Xarici İşlər naziri Li Son Qvona təntənəli şəkildə təqdim olunub.
Medalı təqdim edilmə mərasimindən sonra Rusiya səfiri və Koreyanın xarici işlər naziri qısa söhbət edib. Söhbət zamanı iki ölkə liderinin Vladivostokda iki ölkə arasında əldə edilmiş razılaşmaları ardıcıl şəkildə yerinə yetirmək üçün fəal səylərin davam etdiriləcəyi təsdiq edilib.
Səfirliyin məlumatına görə, KXDR ərazisində 1375 sovet əsgərinin dəfn olunduğu 11 qardaşlıq və 345 ayrıca qəbir var. 1945-ci ildə Koreyanın azad edilməsi uğrunda gedən döyüşlərdə 4,7 mindən çox sovet əsgəri həlak olub.