7 May 2020 12:00
3 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiya 1155-ci ildən 1809-cu ilədək İsveç Krallığının, 1809-cu ildən 1917-ci ilə qədər isə Çar Rusiyasının əsarəti altında olub. 1917-ci ildə Çar Rusiyasının dağılmasından sonra müstəqilliyinə qovuşub. Helsinki şəhəri İsveç kralı I Qustav Vaza tərəfindən 1510-cu ildə qurulub.

Teleqraf.com Finlandiya tatarları haqda məlumatları təqdim edir.

1860-cı illərdə türk tacirlər Rusiyanın İdil-Ural bölgəsi və Nijninovqorod vilayətinin tatar kəndlərindən xalı, kürük, parça ticarəti üçün dəmir yolu ilə əvvəlcə Peterburqa, buradan da Teriyoki çayı və Vıborq yolu ilə Finlandiyaya gəldilər. Tatar tacirlərin Finlandiyadakı uğurlu ticarətləri digər türk kəndlərinin də Finlandiyaya yolunu açdı. Beləliklə, Çar Rusiyasından Finlandiyaya tatar köçü başladı.

XIX əsrin ikinci yarısında Çar Rusiyasının işğalı altındakı Tampere şəhəri ilə Sankt-Peterburq arasında dəmir yolunun açılması tatar türklərinə böyük bir qapı açdı. Dəmir yolu xətti boyu ticarətlə məşğul olan tatar türkləri Finlandiya torpaqlarında yerləşərək iş yerləri açdılar, fabriklər qurdular. Yəni köçlər tamam iqtisadi və ticari səbəblərə əsaslanırdı. Birinci Dünya Müharibəsindən sonra - 1920-ci ildə sərhədlərin bağlanması ilə tatarların geri qayıtmaq imkanları da məhdudlaşdı.

Tatarlar XIX əsrdə Çar Rusiyasının tabeliyindəki Finlandiyada olan rus hərbi birliklərində xidmət emişdilər.

Sərhədlər bağlanır

Tatar türklərinin böyük hissəsi Finlandiyanın paytaxtı Helsinki, digər qismi isə Tampere, Jarvenpa, Turku və Kotka şəhərlərində yaşayır. Sayları təxminən 1000 nəfərə qədərdir. SSRİ-nin qurulmasından sonra sərhədlər tamamilə bağlanıldı. Beləliklə Finlandiya tatarlarının Tatarıstanla əlaqələri tamamilə kəsildi. Finlandiya 1919-cu ildə yeni bir Konstitusiya qəbul etdikdən sonra tatar türkləri yenidən təşkilatlanmaq məcburiyyətində qaldılar. Finlandiya İslam Camaatı və ya cəmiyyəti adı altında birləşdilər. Fin hökuməti tatarların cəmiyyətini rəsmən tanıdı. 1998-ci ildə imzalanan sazişlə Finlandiya tatarları beynəlxalq səviyyədə müdafiə edilir. Ölkənin siyasi ədəbiyyatında Finlandiya türkləri Fin-Tatar Cəmiyyəti və ya Türk-Tatar cəmiyyəti adlandırılır.

Şimal qütbünün tacirləri

Başda tekstil, xalı və kürk olmaqla ticarətlə məşğul olan Finlandiya türkləri olduqca zəngin insanlardır.

Finlandiyada təxminən 150 ildir yaşayan və qıpçaq kökənli olan Finlandiya tatarlarının danışıq dili Kazan türkcəsinin mişer şivəsidir. Lakin bu şivə qıpçaqdan çox, oğuz-türkmən ləhcəsinə daha yaxındır. Əvvəlki illərdə uzun müddət ərəb əlifbasından istifadə etsələr də, bu gün latın əlifbasında oxuyur və yazırlar.

SSRİ-nin dağılmasından sonra Finlandiya türkləri ilə Tatarıstan arasındakı bağlar yenidən quruldu və qarşılıqlı səfərlər artdı. Finlandiya tatarlarının digər türk xalqlarından və boylarından fərqləri, daha sarışın olmalarıdır. Buna baxmayaraq, soyuqqanlı Finlandiya cəmiyyəti daxilində öz istiqanlılığını və qonaqpərvərliyini qoruyub saxlayıblar.

Bir çətir altında

Tatarlar 1945-ci ildə “Yoldız” adlı idman klubunu qurdular. 1935-ci ildə Helsinkidə “Finlandiya Türkləri Birliyi” adlı bir dərnək təsis etdilər. 1948-ci ildə açılan Türk Xalq Məktəbi isə 1969-cu ildə şagird və ya uşaq azlığı səbəbindən bağlanıldı. Din, dil və ənənələrini qorumaq istəyən Finlandiya tatarlarının paytaxt Helsinkidə böyük bir binada dərnəyi fəaliyyət göstərir. Bu Finlandiya İslam Cəmiyyəti adlı qurumdur. Binanın birinci mərtəbəsi məsciddir. Nəşriyyat, mədəni və sosial fəaliyyətləri həyata keçirən cəmiyyət ölkədə yaşayan azsaylı türklər üçün böyük bir çətir rolunu oynayır. Cəmiyyətin mərkəzi toplantılar, əyləncələr, toy mərasimləri və konfranslara ev sahibliyi edir. Finlandiya İslam Cəmiyyətinin rəhbərliyi tatar uşaqlarına milli və dini kimliklərini qorumaları üçün qurumun binasındakı siniflərdə din, dil və tarix dərsləri təşkil edir.

Azansız məscidlər

Hər il məktəblər tətilə girəndə Finlandiya tatarları ənənəvi Sabantuy adlı yay şənliyi keçirir. Məlum olduğu kimi, Finlandiya tatarlarının dini islamdır. Tatarların Tampere və Jarvenpada da məscidləri var. Qərbi Avropanın şimal ucqarlarındakı yeganə məscid Jarvenpa şəhərindədir. Bir fin memarının taxtadan inşa etdiyi məscid 1942-ci ildə tikilib. Amma müharibə illərində fin hərbçilər tərəfindən kazarma kimi istifadə olunub. Bu məsciddə ilk namaz 1943-cü ildə qılınıb. Amma Finlandiyada hər nə qədər din azadlığı olsa da, məscidlərdə azan oxunmasına icazə verilmir. Azan içəridə kənardan eşidilməyəcək səviyyədə oxunur.

Helsinkinin mərkəzində 1870-ci ildən bəri bir müsəlman məzarlığı var. Habelə Tampere və Turku şəhərlərində də, müsəlmanlara aid məzarlıqlar yerləşir.

Finlandiya tatarları İkinci Dünya Müharibəsində 156 gəncini qurban verib. Bu 156 şəhid gənc üçün Helsinki müsəlman məzarlığında bir abidə qoyulub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər