Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətindəki məscidə hücum olub.
Bu barədə “Report”un Avropa bürosuna Köln şəhərində yaşayan həmvətənlərimiz məlumat veriblər.
Onların sözlərinə görə, koronavirus səbəbi ilə uzun müdətdir ibadətə bağlı olan məscidlər mayın 9-da sübh namazı ilə yenidən fəaliyyətə başlayıb.
Köln şəhərində yerləşən və Türkiyə Diyanət İşləri Türk İslam Birliyinə aid məscidə sübh namazı üçün gələnlər içəri daxil olduqdan sonra kimliyi hələlik bilinməyən şəxs və ya şəxslər pəncərələri daşlayaraq şüşələri sındırıblar.
“Məscid Köln şəhərinin Xorvayler bölgəsində yerləşir. Kölndə azərbaycanlıların kütləvi toplaşdığı digər məscid də var. Sadəcə koronavirusa təhlükəsinə görə, sosial məsafənin qorunması məqsədi ilə camelərə çox sayda insanın girməsinə icazə verilmir. Buna görə ötən gün biz bu məscidə gəldik. Dəstəmaz alandan sonra sübh namazına başlayan kimi pəncərələrin şüşələri sındırıldı. Hamı cəld çölə qaçdı. Məlum oldu ki, kimlərsə məscidin pəncərələrini daşlayaraq qaçıb”, - deyə hadisənin şahidi olan həmvətənimiz “Report”a bildirib.
Köln şəhər Polis Təşkilatından “Report”a bildirilib ki, hücum edən şəxs və ya şəxslərin axtarışları davam etdirilir. Ətrafdakı müşahidə kameraları vasitəsi ilə onların qaçış trayektoriyası müəyyən olunur.
Faktla bağlı araşdırmalar davam etdirilir.