11 May 2020 14:59
2 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vatikanda 75 il əvvəl baş verən hadisələrlə əlaqədar qalmaqal yaşanır. Tarixçilər ən mübahisəli pontifiklərdən birinin – “müqəddəs” kimi tanınması tələb olunan Papa XII Piyin fəaliyyətinə aydınlıq gətirən arxivləri araşdırırlar. Bəziləri isə onu “Hitlerin dostu” adlandırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yayılıb.

Tarixçilər 400 min qutu sənədi araşdırır. Hər birində isə ən azı bir sensasiya var. Uzun müddətdir Vatikan XII Piyin, “Həvari Pyotrun valisi” adlandırılan papanın 1939-1958-ci illərə aid arxiv sənədlərini açıqlamağa cəsarət etmirdi. Yarım əsrdir ki, onun əməlləri tarixçilərin kabinetlərində mübahisə mövzusudur.

Bəzilərinə görə, papa dünya liderlərini müharibəyə başlamamağa çağırmışdı. Amma “XII Piy nasistləri kilsədən çıxartmadı”, deyənlər də var.

Dünyadan gizlədilən faktlar

Pontifikatın əməlləri on ildən artıqdır fəal şəkildə araşdırılsa da, İkinci Dünya Müharibəsi illərindəki rolu hələ tam bilinmir. Buna görə bütün dünyada hazırkı Roma Papası Fransiskin o dövrün arxivlərini gizlətmək qərarı verdiyi ehtimalını həvəslə qəbul etdi.

Düzdür, koronavirus pandemiyası planları pozdu. Tarixçilərin Müqəddəs Taxtın arxivinə buraxılmasından bir neçə gün sonra dünyanın ən kiçik dövləti karantinə alındı. O vaxtdan bəri mütəxəssislər cəmi 180 qutu sənəd - bir neçə yüz min yazılı qeyd araşdırdılar. Ancaq bu, XII Piyin müharibədə rolu haqqında yeni bir müzakirə dalğası üçün kifayət etdi.

Bir neçə gün əvvəl Münster Universitetinin tədqiqatçıları qırx il əvvəl Vatikanın Holokostda iştirakına dair sənədləri 11 cildlik bir əsərə daxil etmək istədiklərini xatırladılar. Lakin bu sənədlərin dərc olunmasının son anda “Yezuit”in üzvləri maneə törətdilər. XII Piyin nüfuzunu qorumaq naminə…

Vatikanın tarixçisi Hubert Volf bildirib ki, papa 1942-ci ilin payızında bir amerikalı diplomatdan Varşava və Lvovdakı yəhudi qətliamları haqqında hesabat alıb.

Ona etiraz etməyə nə mane oldu?

Hesabatı Vatikanın öz mənbələrindən gələn məlumatlar təsdiqlədi. Belə ki, Lvovdakı Yunan Katolik arxiyepiskopu Andrey Şeptitski Ukraynadakı işğal zamanı 200 minə yaxın yəhudinin öldürüldüyünü bildirdi. Digər bir informator Varşavadakı yəhudi gettosundakı ağlasığmaz qırğın barədə məlumat verdi.

İddiaya görə, həmin dönəmdə Vatikan Dövlət Katibliyi bu məlumatı XII Piyə çatdırıb və dönəmin qurum rəhbəri onu bu qırğınlar haqqında məlumata inanmamağa çağırıb.

“O, Papa yəhudilərin bir məsələni şişirtməyə meylli olduqlarını, yunanların dürüst olmadığını söylədi. Della Aqua imzalı sənəd bizim üçün önəmlidir. Bu açıq şəkildə anti-semit bir sənəddir, XII Piyin niyə Holokostu qınamadığına aydınlıq gətirir”, - Hubert Volf deyib.

Tarixi Milad müraciəti

Hesabatın təqdim olunmasından bir neçə ay sonra papa bəlkə də ən çox müzakirə olunan Milad müraciətini etdi. O, milliyyətindən və irqindən asılı olmayaraq, yüz minlərlə günahsız insanın öldürülməsindən danışdı. Ancaq o, çıxışında nə almanların, nə də yəhudilərin adını çəkdi.

Papanın müdafiəçiləri isə, XII Piyin vəziyyətə müdaxilə etməyə çalışdığını iddia edirlər, onların sözlərinə görə, Katolik Kilsəsi müharibədə dörd min yəhudini ölümdən xilas edib.

Papa XII Piyin ziddiyyətli siyasətləri tarixçiləri çaşbaş salıb. Bir tərəfdən yəhudilərin qırğınları haqqında bilirdi və onlara kömək etməyə çalışırdı. Digər tərəfdən, o, heç vaxt Nasist Almaniyasını açıq şəkildə qınamadı. Yəni papa qışqırmalı olduğu yerdə susmağa məhkum olmuşdu.

Papanın canonizasiyası

Tarixçilər 70 Vatikan səfirinin hesabatlarına, həmçinin XII Piyin ABŞ-ın dönəm prezidenti Franklin Ruzveltlə yazışmalarına müraciət edirlər. Bu sənədlərdə ən çox tədqiqatçılar papanın cavabları ilə maraqlanır.

Papa Piyin Holokostdakı rolu təkcə yəhudilər üçün deyil, katoliklərin özləri üçün də maraq doğurur. 60-cı illərdən bəri Vatikanda papanın bu ziddiyyətli davranışları müzakirə olunur. Bu da öz növbəsində onun canonizasiyasına zəmin yaradır.

XVI Benedikt arxivlərin qapısının açılmasında imkan verməsə də, Müqəddəs Taxtın varisi I Fransisk sənədlərdən “2027-ci ilin oktyabrına qədər məxfilik” möhürünü sildi.

Ancaq əsas sual cavabsız qalır: XII Piy nə üçün nasistləri açıq şəkildə qınamadı? Pandemiya səbəbiylə arxivə girişini müvəqqəti bağlayan Vatikan tarixçilərin oraya nə vaxt qayıdacağını açıqlamır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər