ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo İsrailə rəsmi səfər edib.
Teleqraf.com xəbər verir ki, Pompeo İsrailə gəlməmişdən əvvəl səfər çərçivəsində müzakirə olunacaq məsələlər barədə danışıb.
“İki mühüm təhdid – COVID-19 və İran barədə Baş nazir Binyamin Netanyahu və Parlamentin spikeri Benni Qantzla danışıqlar aparmaq üçün İsraildə olmağıma çox şadam. İsrail və Birləşmiş Ştatlar birlikdə bu problemləri aradan qaldıracaqlar”, - dövlət katibi bildirib.
O, Vaşinqtondan yola düşməzdən əvvəl "İsrael Hayom" agentliyinə verdiyi müsahibəsində də səfərinin əsas məqsədinin İranın təhdidləri, bu təhdidlərlə mübarizə aparmağın yolları və rəsmi Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq barədə danışıqlar aparmaq olduğunu bildirib.
Pompeo İrana qarşı maksimum təzyiq siyasətinin davam edəcəyini bir daha vurğulayaraq, Prezident Donald Trampın Yaxın Şərqlə bağlı sülh planının icrasının sürətləndirilməsi istiqamətində də israilli rəsmilərlə fikir mübadiləsi aparacağını qeyd edib.
Artıq İsraildə olan Pompeo bu gün Netanyahu ilə qısa mətbuat konfransı keçirib. Pompeo konfransda çıxışı zamanı, İran məsələsinə də toxunub və bildirib ki, İran xalqı koronavirusla mübarizə apardığı bir vaxtda rejim və dini lider (Əli Xameneyi) hələ də ölkənin maliyyə mənbələrini bütün dünyada terrorizmi dəstəkləməyə sərf etməklə məşğuldur.