“Əlimizdə rusiyalı hakerlərin 2015-ci ildə Bundestaqa kiberhücumda əli olduğuna dair ciddi sübutlar var.”
“Deutche Welle”nin xəbərinə görə, bunu Almaniya federal kansleri Angela Merkel Bundestaqda (parlament) millət vəkillərinin suallarına cavabında deyib. O bildirib ki, Almaniya bu cür qəbuledilməz hallara, o cümlədən Rusiyaya qarşı tədbirlər görmək hüququnu özündə saxlayır. A.Merkelin sözlərinə görə, Rusiya tərəfi “hibrid savaş” strategiyasını tətbiq edir, faktların təhrif olunması və dezorientasiya bu strategiyanın tərkib hissəsidir. “Mənim üçün ağırdır. Mən hər gün Rusiya ilə yaxşı əlaqələr qurmağa çalışıram, amma digər tərəfdən, sübutlar var ki, onlar belə işlərlə məşğuldurlar” , – deyə o, söyləyib.
Almaniya hökumət başçısı bundan sonra da Rusiya ilə yaxşı münasibətlər saxlamağa çalışacaqlarını, lakin bu cür hadisələrin qarşılıqlı etimada əsaslanan əməkdaşlığa mane olduğunu vurğulayıb.
Qeyd edək ki, 2015-ci ildə baş vermiş kiberhücum birbaşa Merkelin parlamentdəki bürosuna qarşı həyata keçirilib. Nəticədə bir neçə giqabaytlıq məlumat, o cümlədən çoxlu sayda elektron məktub oğurlanıb. Rəhbərlik təhlükəsizlik məqsədilə Bundestaqın kompüter sistemini bir neçə günlük şəbəkədən ayırıb. İnformasiya texnologiyaları sahəsində təhlükəsizlik üzrə Federal İdarə (BSİ) və Cinayət işləri üzrə Federal İdarənin (BKA) ekspertləri araşdırmalardan sonra bu il müəyyənləşdiriblər ki, hakerlər Rusiya Müdafiə Nazirliyinin Baş İdarəsi (keçmiş QRU) ilə bağlı ola bilər.
2020-ci il mayın əvəllərində Almaniya Federal Porokurorluğu Bundestaqa hücumda təqsirləndirilən rusiyalı haker Dmitri Badin haqqında həbs qərarı çıxarıb. Alman xüsusi xidmət orqanları hesab edir ki, bu şəxs “Skramuş” kod adı altında fəaliyyət göstərib və 2015-ci il mayın 8-də Bundestaqın kompüterlərinə daxil olub. Həmin gün o, İkinci Dünya müharibəsinin yekunlaşmasının ildönümü ilə əlaqədar Bundestaqa dəvət olunanlar sırasında imiş. İstintaq müəyyənləşdirib ki, kompüterlər guya Ukraynadakı münaqişə haqqında imformasiyanın olduğu linki açdıqdan sonra hakerlərin nəzarətinə keçib. Ümumilikdə şəbəkəyə qoşulmuş 5,6 min ədəd kompüter və oradakı materiallar hakerlər üçün əlçatan olub.
Dmitri Badin ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxilə ilə əlaqədar FBI tərəfindən də axtarılır. Onun Qərb dövlətlərinə qarşı kiberhücumlar həyata keçirən və Rusiya kəşfiyyatı ilə bağlılığı olan “Fancy Bear” (ART 28) haker qruplaşmasının üzvü olduğu bildirilir.
/Pressklub.az/