Güney azərbaycanlı milli-mədəni fəal Məhəmməd Mahmudi İran inqilab məhkəməsinin hökmü ilə 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Teleqraf.com xəbər verir ki, qərar məhkəmə tərəfindən şifahi olaraq milli fəalın vəkilinə bildirilib.
Məhkəmə Mahmudiyə “qanunsuz olaraq Güney Azərbaycan Azadlıq Cəbhəsinə (GAMAC) üzv olmaq” ittihamından bəraət verib, lakin “İran rejimi əleyhinə təbliğat aparmaq” ittihamı ilə bağlı bu hökmü oxuyub.
Məhəmməd Mahmudi 2019-cu ilin noyabr ayında İranda benzinin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda onlarla digər fəalla birlikdə Təbrizdə saxlanılmışdı.
Milli fəal 100 günə yaxın İran kəşfiyyatının həbsxanasında saxlanıldıqdan sonra fevralın 26-da müvəqqəti olaraq sərbəst buraxılmışdı.
Mahmudi sonuncu dəfə mayın 13-də Təbriz İnqilab Məhkəməsində mühakimə edilib. Məhkəmənin sədri Avropa Birliyinin 2013-cü ildə İrana qarşı tətbiq etdiyi sanksiya siyahısında yer alan Rəhim Həmlbər olub.