19 May 2020 11:10
1 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər birimiz diqqət çəkməyi arzulayırıq. Cəmiyyətin diqqətini üzərinə çəkmək istəyənlər və sevdiyi insanın qayğısına davamlı möhtac olanlar; bu ilk iki qrup üçün həyat çətinliklərlə doludur. Yəni, o gözlər bir başqa səmtə dönəndə həyat anlamını itirəcək. Üçüncü qrupun üzvləri üçün mühüm olan məşhurların diqqətini çəkə bilməkdir. Dördüncü qrupda olanlar, yəni, orada olmayanların xəyali baxışlarında yaşayanlar – sayca çox azdır. Onlar ən böyük xəyalpərəstlərdir”.

Teleqraf.com çex yazıçı Milan Kundera haqda məlumatları təqdim edir.

Milan Kundera 1929-cu il aprelin 1-də indiki Çexiyanın cənubunda – Avstriya ilə sərhəddə yerləşən Brno şəhərində doğulub. Atası Lüdvik Kundera məşhur çex bəstəkarı Leoş Ynaçekin tələbəsi, peşəkar pianoçu idi. Sonrakı illərdə Lüdvik Ynaçek Akademiyasının başına keçmişdi. Atasından aldığı musiqi sevgisi Milanın yaradıcılıq həyatında önəmli rol oynayacaqdı.

“Praqa baharı”

Orta məktəbi doğulduğu Brnoda oxuyan gənc Milan ali təhsil üçün Praqaya gedir. İki il Çarlz Universitetinin Ədəbiyyat fakültəsində oxuduqdan sonra marağı başqa səmtə yönəlir, film rejissoru və ssenari yazarlığı sahəsində özünü inkişaf etdirməyə başlayır. İlk gənclik illərində Milan da, ətrafındakı gənclər kimi 1948-ci ildə Kommunist Partiyasına üzv olur. Ancaq aradan iki il keçmədən əks düşüncələrinə görə, digər yazar dostları ilə birlikdə partiyadan qovulur. 1952-ci ildə ali təhsilini tamamladıqdan sonra bir akademiyada işləməyə başlayır. 1956-cı ildə yenidən Kommunist Partiyasına üzv olsa da, 1968-ci il yanvarın 5-də “Praqa baharı”nda aktiv roluna görə yenidən partiyadan qovulur.

“Pərdə”

Milan gənclik illərində avstriyalı yazarlar Robert Muzil və Herman Broxdan təsirləndiyini deyir. Bir yandan Praqa Film Akademiyasında işlədiyi halda, bir tərəfdən də ssenarilər və pyeslər yazmağa başlamışdı.

İlk önəmli əsəri - “Pərdə”ni 1960-cı ildə yayımlayır. Kundera “Yazarların ilk prinsipinin keçmişdə yazılmış bədii əsərlərdən daha yaxşısını yazmaq yox, o yazarların görmədiyini görüb, söyləmədiyini söyləmək” olduğuna inanır. İlk sınaq xarakterli əsərinə (“Pərdə”) Servantesin “Don Kixot” romanına haqda qeydləri ilə başlayır. Yazıçıya görə, Qərb mədəniyyətinin mayasında romanlar var. Kundera bu kitabında Markezin Kafkadan, Coysun Floberdən necə təsirlənməsindən bəhs edir.

Kundera yazırdı ki, bir roman uğurlu olmaq istəyirsə, müəllifindən daha ağıllı olmaq məcburiyyətindədir, bu səbəbdən fransız intellektuallarının romanları orta səviyyəlidir, onlar həmişə romanlarından daha ağıllı olublar.

Dalandakı ölkə

Kundera ölkəsinin dalana dirəndiyini görəndə bu haqda yazmaq istəyir və 1967-ci ildə Praqada ilk romanı “Zarafat”ı nəşr etdirir. Roman gündəlik həyatda edilən zarafatların insanların həyatlarına necə mənfi təsir etməsi üzərində qurulub. Məsələn, bir gənc mühəndis həyatı çox ciddiyə alan sevgilisinə göndərdiyi məktubda “Optimizm insanları keyləşdirir. Ətraf axmaqlarla qaynayır. Çox yaşa , Trotski”, deyə yazır və kommunistlərin hədəfinə tuş gəlir. Bir il sonra daha böyük azadlıqların arxasınca qaçdığı vaxt – 1968-ci ilin avqust ayında Praqaya girən rus tankları ilə birlikdə Kunderanın da xəyalları yıxılacaqdı.

Yeni qurulmuş siyasi nizama qarşı etiraz etməyə başlayan Milan Kundera üçün ağır günlər başlayır. Əvvəlcə işini itirir, daha sonra əsərləri yox olur – öz ölkəsində qadağan edilir. Artıq səsini eşitdirə biləcək yer qalmamışdı. Lakin senzura və sərt qadağalara baxmayaraq, siyasi mübarizə yerinə arzuladığı qədər yazmağa başlayır.

Vera ilə Parisdə

1967-ci ildə Vera Xrabankova ilə evlənən yazıçı onunla birlikdə 1975-ci ildə Fransaya gedir. Əvvəlcə Renn Universitetində işləyir, iki il sonra isə Parisə yerləşir. Bu qərarını isə “Varlığın dözülməz yüngüllüyü”ndə belə ifadə edir: “Yaşadığı yeri tərk etmək arzusunda olan insan bədbəxt bir insandır”.

Hər nə qədər ölkəsindən başı aşağı çıxsa da, Paris Milan Kunderanın dünya ədəbiyyatına çıxışı üçün böyük bir qapı rolunu oynayır. Beləliklə, Milan Kunderanın qarşısında yeni bir həyat vardı. Mənən bağlı olduğu ölkəsindən uzaq qalmasının, yazdıqlarının öz xalqı tərəfindən oxunmamasının gətirdiyi ruh düşkünlüyünə rəğmən, davamlı yazaraq düşüncələrini dünya ilə paylaşa bildiyi azad bir mühitin həzzini də duyurdu. Amma özünün də dediyi kimi, o, artıq nə Çexiya vətəndaşıdır, nə də özünü bir fransız kimi hiss edir.

“Gülüş və yaddaş kitabı” (1979) və “Varlığın dözülməz yüngüllüyü” (1984) Kunderanın Fransada nəşr olunan ilk əsərləridir.

Rejimin yora bilmədiyi yazıçı

Kundera Fransadakı azadlığa qədər sovet rejiminin sərt qanunları altında yaşayıb. Rejimin “dəmir yumruqları” düşüncə azadlığını məhdudlaşdırırdı, şübhəsiz ki, bu, onun bir yazıçı kimi yaradıcılığında, bir insan kimi isə psixologiyasında dərin şırımlar açmışdı. Bəlkə də buna görə, qələmindən çıxan hər cümlə Kunderanı həyatın dərinliyinə enməyə vadar edir. Ola bilsin, bu səbəbdən belə yazırdı: “İnsanın güclə imtahanı yaddaşının unutmaqla imtahanı kimidir”.

Lakin sovet rejimi arxasınca düşüb qovduğu yazıçını yorub əldən sala bilmədi.

Lazımsız gerçəklər

Kundera yetkinlik dönəmində qələmə aldığı romanlarında münasibətləri, olayları, düşüncələri fəlsəfi yöndən sorğulasa da, filosof deyil. Müzakirə olunan düşüncə qəliblərindən heç birinə yaxınlıq duymayıb, həmişə tənqidlərə məruz qalan bir yanaşma seçib. Obrazlarından birinin dili ilə bu yanaşmasına belə izah verir: “Narahat olmayın, cənab. Mən lazımsız gerçəklərin arxasınca qaçmıram. Əslində işlək olmayan bir həqiqət axmaqlıq deyilmi? Məsələn, bir gün öləcəyimiz. Ya da nəfəs aldığımız dünyanın pox kimi bir şey olduğu. Bunları heç bilmirikmiş kimi”.

Kunderanın oxuculara hədiyyə etdiyi ən dəyərli əsərlərindən biri də, 1986-cı ildə yayımlanan “Roman sənəti”dir. İllər əvvəl qələmə aldığı “Pərdə” adlı sınaq kitabının davamı kimi görünüən bu əsərində Brox, Muzil və Kafka kimi bəyəndiyi yazıçıların əsərləri haqda düşüncələri yer alır.

Əslində varlığın dözülməz ağırlığı...

Kunderanın ən populyar əsəri “Varlığın dözülməz yüngüllüyü” romanıdır. Yazıçı bu əsərində insan tənhalığına fokuslanır. Müəllifin bu əsərindən gəlinən qənaət budur ki, insanın şüuru və mühakiməsi güclü olsa da, həyat təkrarlanan bir çarx deyil.

1990-cı ildə Kunderanın daha bir məşhur əsəri – “Ölümsüzlük” işıq üzü görür. Yazıçı hər nə qədər həyat həqiqətləri ilə hesablaşmadığını yazsa da, bu əsərində növbəti dəfə həyatı sorğulayır, mühakimə edir. Kunderaya görə, bir yazıçının vəzifəsi həqiqətləri tapmaq, izah etməkdir - öyrətmək deyil. Yəni bədii əsərlər həqiqətləri araşdırmaq üçün bir vasitədir. Yenə Kunderaya görə, dünyanı həddən artıq ciddiyə almağımız, əslində bizə təqdim olunan inanc qəliblərindən birinə qeyd-şərtsiz təslim olmağımız deməkdir.

Anlaşılmazlıq qorxusu

Sonrakı illərdə “Arxayınlıq”, “Kimlik”, “Cəhalət” və “Görünməzlik bayramı” kimi əsərlərlərdə ədəbiyyat dünyasındakı yerini qoruyan Kundera bu qədər məşhurluğuna rəğmən, heç vaxt Parisdəki sadə həyatını dəyişmək haqda düşünməyib. Nadir hallarda verdiyi müsahibələrini isə özü oxumamışdan əvvəl yayımlanmasını istəmir. Bunun səbəbi isə əvvəllər yanlış anlaşılmağından gələn narahatlığıdır.

Kunderaya görə, əsas olan bir sənətkarın kimliyi, şəxsi həyatı və hətta siyasi düşüncələrinin nə olduğu yox, yazdığı əsərləridir. Əsərləri və qazandığı nüfuz yazıçının şəxsiyyətinə tərs mütənasib olsa belə...

Milan Kundera

Şübhəsiz ki, Milan Kundera ədəbiyyat dünyasında bənzərsiz dəst-xətti olan, az qala bütün cümlələri sənət keyfiyyətində olan yazıçıdır. Qələmə aldığı əsərlər, düşüncə qəlibindən çıxan sözlər ədəbiyyata oxucu marağının artmasına verdiyi ən böyük töhfələrdən biridir. Bura insan və həyat haqda fəlsəfi və yeni baxışları da daxildir. Bu isə Kunderanın təkcə ədəbiyyata yox, həm də bəşəriyyətə bəlkə də bilmədən etdiyi ən böyük xidmətidir. Müəllifi olduğu hər əsərində, qələmindən çıxan hər ifadəsində insan şüurunun alt və üst qatlarının labirintindəki dərinliklərinə enə bilən intellektual bir yazıçı ilə qarşılaşırıq.

“Yükümüz artdıqca, bədənimiz yerə daha da yaxınlaşır, daha gerçək və daha etibarlı olur”, yazan Kundera təkcə yazıçı yox, həm də dövrümüzün ən yaxşı filosoflarından biri kimi görünür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər