Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski koronavirus səbəbindən Rusiyadan ayrılan əməkçi miqrantların geri qayıtmasını məhdudlaşdırmağı təklif edib.
Teleqraf.com xəbər verir ki, o öz fikirlərini böhrandan sonra iş yerlərinin “ilk növbədə Rusiya vətəndaşlarına lazım olacağı” ilə əsaslandırıb.
“Koronavirus səbəbindən çoxlu sayda əməkçi miqrant Rusiyanı tərk etdi. Onların gələcəkdə Rusiyaya qayıtmalarını məhdudlaşdırmaq lazımdır. Bizdə onsuz da işsizlərin sayı çox ola bilər və iş yerləri əsasən, Rusiya vətəndaşlarına lazımdır”, – deyə Jirinovski öz “Telegram-kanal”ında yazıb.
RLDP lideri meyvə, tərəvəz, giləmeyvə və digər məhsulların yaxşı yetişdiyi və istehsal olunduğu Mərkəzi Asiya ölkələrinə kömək etmək üçün onlara bu məhsulların alınması üçün böyük həcmlərdə sifarişlər verməyi təklif edib. Əlavə edib ki, hətta, bu sifarişlərin haqqı əvvəlcədən ödənilə bilər. Onun fikrincə, bu yolla həmin ölkələrin vətəndaşlarına evdən işləmək imkanı yaradılmış olar.