Alimlər dünyada koronavirus pandemiyasının başa çatma tarixi ilə bağlı proqnozla çıxış ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Sinqapur Texnologiya və Dizayn Universitetinin tədqiqatlarına istinadən “Nyu York Post” məlumat yayıb.
Onların fikrincə, dünya bu ilin dekabr ayına qədər xəstəlikdən qurtula biləcək. Üstəlik, ABŞ-da xəstəliyi sentyabrın sonunadək məğlub etmək mümkün olacaq.
Ekspertlər xəstəliyə həssas olan, infeksiyaya yoluxmuş və sağalmış insanların dinamikasını təsvir edən riyazi modeldən (SIR modeli) istifadə ediblər.
Mütəxəssislər proqnozlarının qeyri-dəqiq ola biləcəyi barədə xəbərdar ediblər, buna görə bütün dünyada karantin tədbirlərini yüngülləşdirməklə bağlı tələsik qərarlar qəbul edilməməli olduğunu bildiriblər.
“Hansısa proqnoza əsaslanan həddən artıq nikbinlik təhlükəlidir, çünki bu, nizam-intizamımızı və özümüzə nəzarət etməyimizi zəiflədə bilər. Nəticədə yoluxmuş insanların sayının kəskin artması baş verə bilər”, – tədqiqatçılar bildriblər.
Qeyd edək ki, bundan əvvəl Rusiyada koronavirus epidemiyasının 2020-ci ilin iyunundan sentyabr ayına qədər başa çatacağını proqnozlaşdıran sinqapurlu alimlər sonradan proqnozlarından imtina ediblər.