Yeni dövrdə yalnız bir neçə ay yox, bəlkə illər boyu bu infeksiyanın mövcudluğu şəraitində yaşamağı öyrənəcəyik.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın COVİD-19-la bağlı açıqlamalarında deyib.
O, üç-dörd əsrdir qloballaşamanın insan həyatının bir parçasına çevrildiyini bildirib: "Ancaq bütün dünyanın bir hadisədən təsirləndiyi çox az vaxt olub. Pandemiya dövründə kimsənin böyüklüyü əhəmiyyət kəsb etmədi. Çağımızın bəlkə də yeganə əlaməti "qeyri-müəyyənlik" oldu".
Çindən ABŞ-a qədər bütün dünyanın koronavirus qarşısında diz çökdüyünü vurğulayan İbrahim Kalının sözlərinə görə, bununla belə, Çin və Şərq iqtisadiyyatının bu krizisdə yüksəlişi sürətlənib.
Türkiyə Prezidentinin sözçüsü virusun yayılmasında ölkələrin biri-birini günahlandırmasını düzgün hesab etməyib: "Reallıq belədir ki, biz qlobal kənddə yaşayırıq, bu infeksiyanın yayılmasında hamımızın suçu var. Bütün günahı və ya qələbəni bir ölkənin çiyninə yükləməli deyilik".
İbrahim Kalın koronavirusa qarşı vaksinin qlobal əməkdaşlıq hesabına ərsəyə gətirilə biləcəyini qeyd edib: "Bir ölkənin və ya bir elmi mərkəzin təkbaşına vaksin yaradacağına inanmıram".