3 Oktyabr 2014 13:12
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suraxanı rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə geniş tədbir keçirilib.

Rayon icra hakimiyyətindən Teleqraf.com-a verilən məlumata görə, Suraxanı rayonunda yerləşən təhsil müəssisələrində çalışan təhsil işçilərinin bir qrupunun qatıldığı tədbirdə ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərən rayon məzunları da iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək önünə tər güllər qoyublar.

Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzinin elektron lektoriya zalında keçirilən tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, Azərbaycan xalqının milli təfəkküründə müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunub, böyük hörmətlə, yüksək ehtiramla çəkilib. Sosial statusundan, tutduğu vəzifədən asılı olmayaraq, bu gün hər bir azərbaycanlı cəmiyyətdəki mövqeyinə, qazandığı biliklərə, ümumən, bir şəxsiyyət kimi formalaşmasına görə özünü məhz müəllimlərinə borclu sayır.

Ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açan rayon icra hakimiyyətinin başçısı bildirib ki, təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması haqqında Azərbaycan Prezidentinin sərəncamları, Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramları, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı və digər irimiqyaslı layihələr qarşıya qoyulan vəzifələrin icrasına, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə yönəldilib.

Vurğulanıb ki, bu işlər Suraxanı rayonundan da yan keçməyib. Məktəb infrastrukturunun müasirləşdirilməsi istiqamətində bir çox işlər görülüb. 1920-ci ildə inşa edilmiş 84 nömrəli məktəbin binası sökülüb və yerində ən müasir standartlara cavab verən 1224 şagird yerlik bina tikilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il sentyabrın 13-də Əmircan qəsəbəsindəki 84 nömrəli məktəbin yeni inşa edilmiş binasının açılış mərasimində iştirak edib.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova Suraxanıda məktəb infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülmüş işlər, 2013-2014-cü tədris ilində rayonun təhsil işçilərinin qazandığı uğurlardan danışıb.

Şagirdlərin uğurlarından danışılarkən bildirilib ki, Bakı məktəblərinin 28 nəfər məzunu qızıl, 1 nəfəri isə gümüş medala layiq görülüb. Onlardan 5-i Suraxanı rayonunun məktəblərinin məzunudur. Suraxanı rayonu üzrə 2013-2014-cü tədris ilində 1847 nəfər tam orta təhsil haqqında attestat alıb, onlardan 1558 nəfəri ali məktəblərə sənəd verib və 983 nəfəri, yəni imtahanda iştirak edənlərin 63 faizi tələbə adını qazanıb. Abituriyentlərdən 49 nəfəri 600-dən yuxarı bal toplayıb. 650-dən yuxarı bal toplayan abituriyentimiz 20 nəfərdir.

Tədbirdə çıxış edən digər natiqlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup şəxs və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar rayon icra hakimiyyətinin fəxri fərmanı ilə təltif edilib və onlara qiymətli hədiyyələr verilib.

Bir qrup müəllimə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Suraxanı rayon komitəsinin fəxri fərmanı və pul mükafatı təqdim edilib.

NİGAR


Müəllif: