“Yaxın gələcəkdə Moldova Qərbdə və ya Şərqdə heç bir ittifaqa, o cümlədən Avropa Birliyində qoşulmayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Moldova Prezidenti İqor Dodon söyləyib.
Dövlət başçısı Moldovanın beynəlxalq qurumlar və digər ölkələrlə çoxtərəfli əməkdaşlıqda maraqlı olduğunu bildirib:
“Güman etmirəm ki, yaxın 10-15 ildə Avropa Birliyinə üzv olacağıq. Nə Qərbdə, nə də Şərqdə heç bir ittifaqın üzvü olmayacağıq. Hər kəslə yaxşı münasibətə ehtiyacımız var”.
Eyni zamanda, Dodon Avropa Birliyi ilə assosiasiya sazişini ləğv etmək məsələsini qaldırmaq niyyətində olmadığını deyib: “Çünki bu sənədin də üstünlükləri var və islahatlar Avropa İttifaqı üçün deyil, Moldova vətəndaşlarının xeyirinə aparılır”.
O həmçinin qeyd edib ki, Avrasiya İqtisadi Birliyi də Moldova Respublikası üçün həm Şərqlə, həm də Qərblə balanslı xarici siyasət aparmağa imkan verən yeni inteqrasiya layihəsidir.
Moldova 2014-cü ildə Avropa Birliyi ilə assosiasiya sazişini təsdiq edib. Respublika AB ölkələri ilə vizasız rejim tətbiq edir və dövlət qurumlarının demokratikləşməsi və islahatlar müqabilində Qərb tərəfdaşlarından makro maliyyə yardımı alır.
Paralel olaraq, 2018-ci ildə MDB ölkələri arasında ilk olaraq Avrasiya İqtisadi Şurasında müşahidəçi statusu alıb.