Biz bunu yalnız mediadan eşitmişik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Trampla əməkdaşlığın davam etməsini istəyir.
Teleqraf.com xəbər verir ki, bunu ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus ABŞ prezidenti Doanld Trampın təşkilat ilə əlaqələrini başa vurması xəbərinə münasibət bildirərkən deyib.
Təşkilat direktoru Cenevrədə təşkil olunan video-konfrans zamanı bu mövzuya toxunub: "ABŞ hökuməti və ictimaiyyəti on illərdir qlobal sağlamlığa yüksək səviyyədə töhfə verib və bu, dünya miqyasında ictimai səhiyyədə çox böyük bir dəyişiklik yaradıb. ÜST əməkdaşlığın davam etməsini arzulayır", - deyə Qebreyesus qeyd edib.
Onun sözlərinə görə, dünya illərdir ABŞ hökumətinin və xalqının güclü və əməkdaşlığa meylli münasibətindən bəhrələnir.
Qeyd edək ki, mayın 29-da ABŞ prezidenti Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələrini sona çatdırması ilə bağlı açıqlama vermişdi.