3 İyun 2020 21:46
1 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan cəmiyyəti tədricən latın qrafikalı əlifbaya keçəcək.

Teleqraf.com-un məlumatına görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində belə deyib.

Qazaxıstan Prezidenti bu prosesin Nursultan Nazarbayev tərəfindən mənəvi modernləşmə konsepsiyasının bir hissəsi olaraq başlandığını və latın qrafikalı əlifbanın yalnız qazax dilinə təsir edəcəyini, rus dilinin vəziyyətinə təsir göstərməyəcəyini bildirib.

Ölkə başıçısı qazax əlifbasının modernləşdirilməsinin qazax dilinin ünsiyyət imkanlarını genişləndirəcəyini, eyni zamanda, Orta Asiya dövlətlərinin təcrübəsinin nəzərə alınacağını deyib.

Kasım-Jomart Tokayev ABŞ-ın Qazaxıstanda hərbi bazasının tikintisinin müzakirə edilmədiyini və gündəmdə olmadığını da açıqlayıb. Bildirib ki, enerji, investisiya, texnologiya kimi strateji sahələrdə Qazaxıstanla ABŞ arasında əməkdaşlıq uğurla inkişaf edir. Həmçinin, iki ölkə nüvə silahlarının yayılmaması və qarşısının alınması ilə bağlı müntəzəm əlaqə saxlayır.

Qazaxıstanla Rusiyanın iqtisadiyyatının inkişafına mühüm töhfə verən “Baykonur” azad iqtisadi zonası yaratmaq təşəbbüsünü vurğulayan ölkə başçısı kosmos sektorundakı qarşılıqlı fəaliyyətin iki ölkənin çoxşaxəli əməkdaşlığının bariz nümunəsi olduğunu deyib.


Müəllif: Səxavət