8 İyun 2020 12:48
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis həm həftəsonu sərtləşdirilmiş qaydaların icrasına nəzarət zamanı, həm də ümumiyyətlə ölkədə son bir neçə ay ərzində pandemiya ilə mübarizə dövründə özünü yalnız yaxşı tərəfdən, peşəkar olaraq nümayiş etdirib. Polislə əlaqəli hadisələr, faktlar bir daha sübut edir ki, Azərbaycanda polisin fəaliyyəti ölkədə sabitliyin, ictimai qaydanın qorunmasının və əhali arasında əmin-amanlığın mühafizə olunması prosesinin ayrılmaz tərkib hissəsidir.

Bunu Teleqraf.com saytına açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev bildirib.

O qeyd edib ki, polis xüsusilə həftəsonu sərtləşdirilmiş qaydalara nəzarət dövründə həm özünün əsas funksiyalarının yerinə yetirilməsində, həm də sərt karantin qaydalarının icrasına nəzarət sahəsində olduqca məhsuldar fəaliyyət göstərib:

“Polis eyni vaxtda həm cinayətkarların axtarışı, təqibi, həm ictimai qaydanın qorunması, həm ölkədə şəxsi və dövlət əmlakının mühafizəsi ilə məşğul olub, həm də sərt karantin qaydalarının vətəndaşlar tərəfindən icrasına nəzarət üzrə öz peşəkar fəaliyyətini yerinə yetirib. Ancaq çox təəssüflər olsun ki, bu günlərdə polisin fəaliyyətini qaralamaq istəyən müəyən cəhdlərə də rast gəlindi. Əlbəttə, bunlar qərəzli yanaşmalar, idarəolunan addımlardır”.

Politoloq qeyd edib ki, həmin cəhdlər xüsusilə asayiş keşikçilərinin bu günlərdə köməksiz vəziyyətdə qalan insanlara çörək alıb aparması, doğuş üstə olan qadını xəstəxanaya çatdırması, şəxsi planda fəlakətə düşmüş insanlara köməklik edilməsi və sair kimi polisin cəmiyyətə çox yaxın bir struktur olduğunu nümayiş etdirən faktların kölgədə qalmasına və gözdən salınmasına qəti şəkildə əsas ola bilməz:

“Yəni, polisin fəaliyyətini nə qədər qaralamaq cəhdləri olsa da bunlar Azərbaycan polisinin xüsusilə bu günlərdə göstərdiyi səmərəli fəaliyyətə kölgə sala bilməz”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər