9 İyun 2020 11:51
2 437
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ və Rusiya Çinin iştirakı ilə yeni silah nəzarəti sazişini hazırlamaq məqsədilə vaxt qazanmaq üçün 2021-ci ilin fevralına qədər qüvvədə olan Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsini (START-3) uzatmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin keçmiş köməkçisi Frank Rouz deyib.

Siyasətçi qeyd edib ki, mövcud müqavilə ABŞ və Rusiya arasında ciddi ikitərəfli bir çərçivədir: “Lakin Çin bu ikitərəfli hesablamalara getdikcə təsir göstərir. Buna görə də hesab edirəm ki, bu prosesdən qazanclı çıxmaq üçün START-3-ü uzatmalıyıq”.

Rusiya ilə dialoq mövzusu barədə danışan sabiq rəsmi ABŞ-ın strateji silahla yanaşı əlavə üç mövzu ilə maraqlandığı fikrini dilə gətirib:

“Birincisi, Rusiya ilə ABŞ arasındakı strateji sabitlik arxitekturasını məhv edən Rusiyanın nüvə sualtı kompleksi “Poseydon” kimi yeni strateji olmayan silah növləridir. İkinci mövzu kosmosdakı təhlükəsizlik, üçüncüsü isə kiber təhlükəsizliklə bağlıdır.

Dördüncü bir mövzu da var - Çin kimi yeni oyunçular. Çinin gələcək müqavilələrə daxil olmasına bir yol tapmasaq, strateji silahlara nəzarətin uzunmüddətli olacağını düşünmürəm”.

Rouzun sözlərinə görə, Rusiya Çinin razılaşmaya daxil edilməsində maraqlıdır, çünki strateji tərəfdaşlığa baxmayaraq iki ölkə arasında münasibətlərdə gərginlik var.

Bundan əvvəl ABŞ 2021-ci ildə başa çatacaq “START-3” müqaviləsinin uzadılması barədə düşündüyünü, lakin hazırkı razılaşmaya daxil olmayan yeni silahların istehsal prosesini genişləndirilməsini və Çinin də müqaviləyə daxil edilməsini təklif etdiyini açıqlayıb. Çin bu cür danışıqlarda maraqlı olmadığını söyləyib.

Dünən ABŞ Prezidentinin silahlara nəzarət üzrə xüsusi nümayəndəsi Elçisi Marşall Billinqsli Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovla iyun ayında nüvə silahı mövzusunda danışıqların vaxtı və yeri barədə razılığa gəldiyini açıqlayıb. O, Çin nümayəndəsinin də danışıqlara dəvət olunduğunu bildirib.

“Blumberq” bundan əvvəl danışıqların iyunun 22-də Vyanada aparılacağını iddia etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər