“Ermənistan hakimiyyətinin uzun müddətdir bəhs etdiyi konstitusiya dəyişiklikləri ilə bağlı referendum ümumiyyətlə keçirilmir”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.
Ekspertin sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət rejimi Ermənistan Baş nazirinə referendumu təxirə salmaq üçün fürsət verib:
“Ermənistanda epidemioloji vəziyyət mənfi bir ssenari üzrə inkişaf edir. Hətta Baş nazir Paşinyan da, ölkədəki vəziyyəti “cəhənnəmə doğru” adlandırdı. O, öz Feysbuk səhifəsində də yazırdı ki, hazırda Ermənistanda koronavirusa yoluxanların sayı 100 mindən çoxdur. Bu nəticələr nə dərəcədə əsaslıdır və hansı tədqiqatlara əsaslanır? Ritorik sualdır. Ancaq cavab nə olur-olsun, baş nazirin özü təhlükəli bir yoluxmanın qurbanı oldu”.
Markedonov qeyd edib ki, Paşinyan təhlükənin miqyasını şişirdir, o, emosional ritorikaya meyllidir.
Ekspert vəziyyəti həddən artıq şişirdiyini ittiham etdiyini Ermənistan Baş nazirinin bundan siyasi məqsədləri üçün istifadə etdiyini istisna etməyib:
“Koronavirus onun və kabinetinin hakimiyyətə gəlişindən bəri ən güclü problemi oldu. Bütün dünyada belədir, amma Baş nazir burada və indi iqtisadi və siyasi çətinliklərin öhdəsindən gəlməlidir. Bundan boyun qaçırmaq olmaz. Koronavirusdan əvvəlki dövrdə yaranan problemlərdən biri konstitusiya dəyişiklikləri ilə bağlı referendum idi. Bu baş tutmadı. Lakin bunun təxirə salınması Paşinyan üçün yeni bir problem olacaq, çünki hökumətin fövqəladə vəziyyətindən əvvəl hesabladığı nəticə təmin edilmədi”.
Markedonov planı baş tutmayan Paşinyanın referendumu ləğv edəcəyini də istisna etməyib:
“Paşinyan keçmiş hakimiyyət üzərində üstünlüyünü təmin etsə də, strateji baxımdan uğuru gözə çarpmır. Gələcəkdə ondan narazılıq artacaq. Növbəti seçkilərə qədər problemləri həll edə bilməyəcək baş nazir bununla özünü risk qarşısında qoyacaq”.