Livanda erməni əsilli aparıcı Neşan Der Harutyanın Türkiyəni təhqir etdiyi proqramı efirə verən televiziya kanalının qarşısında etiraz mitinqi keçirilib.
Teleqraf.com xəbər verir ki, "New TV"nin erməni əsilli aparıcısının dünən axşam Türkiyə əleyhinə etdiyi çıxış və yağdırdığı təhqirlər Livanda böyük çoxluğun etirazına səbəb olub.
Bu gün paytaxt Beyrutda telekanalın mərkəzi ofisi önündə aksiya başlayıb. Osmanlı dövləti, Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğan haqqında dəstək şüarları səsləndirən aksiyaçılar erməni aparıcının Türkiyə və müsəlman tarixi üzərindən Livandakı milli birliyə fitnə yaratdığını elan edib.
Livan və Türkiyə bayraqları ilə kanalın qarşısına toplaşan kütlə skandal ifadələrə görə Türkiyədən üzr istənilməsini tələb edib.
Livanlı vəkil Məhəmməd Ziyad Kaffil isə təhqiramiz ifadələrə görə aparıcı Der Harutyan haqqında məhkəmədə iddia qaldırıb.
Xatırladaq ki, dünən axşam canlı yayıma çıxan Der Harutyan dəvət etdiyi Ərəb Birliyi Partiyasının lideri və sabiq nazir Viam Vehhab ilə Osmanlı dövləti və Prezident Ərdoğan əleyhinə təhqiramiz fikirlər işlətmişdi.