Epidemiya və küçə yürüşlərindən sarsılan Tramp Administrasiyası pandemiya dövründə işsizlərə verilən 600 dollarlıq ödənişləri iyul ayından etibarən kəsəcək.
Teleqraf.com xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayının artması fonunda pandemiya dövrü işlərini itirən milyonlarla insan əvvəl çalışdıqları müəssisəyə qayıtmayıb.
Ağ Evin iqtisadi məsləhətçisi Larri Kudlou işsizliklə bağlı ödənişlərin insanların işə qayıtmasına maneə törətdiyini və buna görə ödənişlərin uzadılmasının əleyhinə olduğunu bildirib. Kudlou hesab edir ki, 600 dollarlıq ödəniş əksər insanların maaşlarından yüksəkdir: “Bu tətbiqetmə ilk aylarda işlək ola bilər, amma iyulun sonuna qədər bitəcək".
Kudlou prezident Trampın işə qayıtmağı təşviq etmək üçün ödəniş etməyi planlaşdırdığını, lakin məbləğin 600 dollardan az olacağını söyləyib.
Qeyd edək ki, ABŞ Konqresində mart ayında qəbul edilən 2,2 trilyon dollarlıq iqtisadi təşviq paketi çərçivəsində iyul ayının sonuna qədər işsizlərə aylıq 600 dollar ödəmə qərarı verilmişdi.
Əksəriyyəti Demokratların təmsil olunduğu Nümayəndələr Palatası bu ödənişlərin ilin sonuna qədər uzadılması da daxil olmaqla əlavə 3 trilyon dollarlıq təşviq paketini təsdiqləyib. Ancaq bu paket Respublikaçıların çox olduğu Konqresdə təsdiqlənmədi. Respublikaçılar iqtisadiyyatın yaxşılaşdığını deyərək təklifi rədd ediblər.
Rəsmi məlumatlara görə, iqtisadiyyatın qismən yaxşılaşmasına baxmayaraq ölkədə 21 milyon amerikalı hələ də işsizdir.
ABŞ Federal Ehtiyat (FED) prezidenti Jerom Povell də işsizlik nisbətlərinin ölkədə epidemiya öncəsi səviyyələrə qayıtması üçün uzun müddət lazım olacağını bildirib. FED ABŞ iqtisadiyyatının bu il 6,5 faiz azalacağını proqnozlaşdırır.