İordaniyanın Aralıq dənizi sahilindəki kurort şəhəri olan Akabedə oktyabrın 25-də keçirilməsi nəzərdə tutulan "Miss Intercontinental 2014" gözəllik müsabiqəsi təxirə salınıb.
Səbəb müsabiqə təşkilatçılarının "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatından qorxmalarıdır.
Milli.Az DHa-ya istinadən bildirir ki, İŞİD qorxusu ilə təxirə salınan gözəllik müsabiqəsinin dekabrda Almaniyanın Maqdeburq şəhərində keçiriləcəyi bildirilib.
Təşkilat komitəsinin sədri Detlef Tursise deyib: "6 ay əvvəl hazırlığa başladığımız, oktyabrın 25-də Akabe şəhərində keçirilməsi nəzərdə tutulan qitələrarası gözəllik musabiqəsi İŞİD-in terror fəaliyyətinə görə təxirə salınıb".
2002-ci ildə Nigeriyada keçirilməsi nəzərdə tutulan "Miss World" gözəllik müsabiqəsi də təxirə salınmış, sonra Londonda keçirilmişdi.