Latın Amerikası ölkəsi olan Uruqvayda doğulub Argentinada yaşayan müğənni və aktrisa Nataliya Oreyro Rusiya vətəndaşlığı almaq üçün müraciət edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə “TASS”a müsahibəsində danışıb:
“Bir dəfə mən müxtəlif məsələlərlə bağlı səfirliyə getmişdim (Rusiyanın Argentinadakı səfirliyi nəzərdə tutulur). Çoxlu səyahət edirəm, Rusiya ilə elə sıx əlaqəm var ki... Bunu rəsmiləşdirmək istəyib-istəmədiyimi soruşdular. Dedim ki, bu mənim üçün şərəf olar. Beləliklə, bir yığın kağızı yazıb doldurdum və bu, hazırda nəzərdən keçirilir”.
Müğənni xatırladıb ki, hər şey bir il əvvəl “Birinci kanal”ın “Veçerniy Urqant” proqramında etdiyi bir zarafatla başlayıb: “Mən İvan Urqantın proqramında idim və o mənə əcnəbilər arasında “ən çox rus” olduğumu bildirdi. Ona dedim ki, buna heç bir şübhəm yoxdur. Və dedim ki, Putin mənə vətəndaşlıq verməlidir. Bunu zarafat kimi dedim, icra olunması üçün xahiş kimi söyləmədim. Amma əlbəttə, Rusiya vətəndaşlığını almaq istərdim”.
Oreyro rusiyalı pərəstişkarlarının tez-tez ona suvenir pasport verdiyini bildirib: “Bu günə qədər pərəstişkarlarımın mənə verdiyi çoxlu Rusiya pasportum var. Sayı 15-ə yaxındır. Ancaq onlar gerçək deyil”.
Nataliya Oreyro 19 may 1977-ci ildə Uruqvayın paytaxtı Montevideo şəhərində anadan olub. Gənc aktrisa 16 yaşında karyerasının yüksəldiyi Argentinaya köçüb. 2000-ci illərin başlanğıcında Nataliya Oreyro Argentina istehsalı olan “Vəhşi mələk” teleserialındakı Milaqros rolu sayəsində bütün dünyada şöhrət qazanıb. O, aktyorluq karyerasını estrada musiqisi ilə birləşdirir və dörd studiya albomu buraxıb.
Oreyro UNICEF-in Rio-de-La-Plata bölgəsi üzrə xoşməramlı səfiridir.
O, Rusiyaya ilk dəfə 2001-ci ildə səfər edib. Onun sözlərinə görə, dərhal mənəvi əlaqə hiss edib. Müğənni o vaxtdan bəri demək olar ki, hər il Rusiyaya qastrol səfərinə gəlir, burada onun böyük fan-klubu yaradılıb. Pərəstişkarları onu yaradıcılığındakı səmimiyyətinə və onlarla ünsiyyətdə sadəliyinə görə “bizim Nataşa” adlandırırlar. Oreyro rus dilini öyrənir, dünya hitlərinin rus dilində versiyasını ifa edir.