İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfrans formatında keçirilən sammitində Prezident İlham Əliyevin çıxışı ciddi maraq doğurub.
Bunu Teleqra.com-a açıqlamasında politoloq Zaur Məmmədov bildirib.
O qeyd edib ki, Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir və Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir:
“Dövlət başçısının da dediyi kimi bizim Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımız mövcuddur. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Ölkəmiz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindədir. Artıq mətnin 90 faizi razılaşdırılıb. İki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır”.
Zaur Məmmədov bildirib ki, dövlət başçısı eyni zamanda bütün platformalarda olduğu kimi, Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfransında da bir daha Ermənistanın işğalçılıq siyasətinə toxunub:
“Prezident bldirdi ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bu zaman Prezident İlham Əliyevin çıxışına Ermənistan baş naziri tərəfindən yersiz müdaxilə olunsa da, dövlət başçımız Nikol Paşinyanı susduraraq bildirib ki, Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdi, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim”.
Politoloq qeyd edib ki, beləliklə, Prezident İlham Əliyev növbəti dəfə Ermənistanın işğalçılıq siyasətini ifşa etdi və eyni zamanda təcavüzkar ölkənin baş nazirini Valday, Aşqabad, Münhen toplantılarında olduğu kimi susdurmuş oldu:
“Ümid edək ki, Paşinyan Prezident İlham Əliyevin məsləhətinə riayət edərək bundan sonrakı tədbirlərdə sakit oturacaq. Çünki replika atmaq, cavab vermək üçün Paşinyanın nə intelektual potensialı, nə də savadı var”.