Yaponiyanın Baş naziri Şinzo Abe 2021-ci ilin sentyabrında səlahiyyət müddəti başa çatanadək Konstitusiyaya dəyişikliklərlə əlaqədar referendum keçirmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə NHK telekanalı iyunun 21-də məlumat yayıb.
Baş nazirin sözlərini sitat gətirən telekanal bildirib: “Mənim Liberal Demokratik Partiyanın (LDP) sədri kimi səlahiyyət müddətimin başa çatmasına bir il üç ay qalıb. Bu müddət ərzində Konstitusiya ilə bağlı referendumun keçirilməsinə nail olmağa çalışacağam”.
Ş.Abe Yaponiya Konstitusiyasının doqquzuncu maddəsinə yenidən baxılmasını özünün əsas siyasi məqsədlərindən biri hesab edir. Həm də sülh maddəsi adlanan həmin bənd ölkənin hərbi potensialdan imtina etməsini və beynəlxalq mübahisələrdə gücün tətbiqini istisna edir. Yaponiya ordudan, hərbi-dəniz və hərbi-hava qüvvələrindən imtina etməsə də, həmin maddə ölkənin hərbi imkanlarının daha geniş şəkildə inkişafına maneə yaradır.
Hakim LDP artıq uzun illərdir ki, doqquzuncu maddəyə yenidən baxılmasına çalışır. Ş.Abe dəfələrlə bəyan edib ki, 70 il bundan əvvəl yazılan Konstitusiya müasir tələblərə cavab vermir.
Mövcud qanunvericiliyə görə Yaponiyanın əsas qanununda dəyişikliklər yalnız referendum yolu ilə mümkün ola bilər. Bunu isə ancaq ölkə parlamentinin iki palatasındakı deputatların üçdə ikisinin dəstəyi ilə təşkil etmək mümkündür. Ş.Abenin tərəfdarları parlamentin əsas aşağı palatasında belə üstünlüyə malik olsalar da, yuxarı palatada bunu ötənilki seçkilərdən sonra itiriblər.