21 İyun 2020 21:03
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan parlamenti iyunun 21-də ölkənin seçki sisteminin təkmilləşdirilməsi ilə əlaqədar konstitusiyaya təklif olunan dəyişiklikləri birinci oxunuşda qəbul edib.

Teleqraf.com xəbər verir ki, iclasda 136 deputat layihənin lehinə, 5 deputat isə əleyhinə səs verib.

Qanun layihəsində bildirilib ki, 2020-ci ilin oktyabrın 31-də reallaşacaq parlament seçkiləri qarışıq sistem üzrə keçiriləcək və qanunverici orqana 120 deputat proporsional, 30 deputat isə majoritar sistem üzrə seçiləcək.

Proporsional seçkilər 1 faizlik seçki baryeri ilə keçiriləcək.
Sənəddə qeyd olunub ki, seçkilərdə proporsional sistem üzrə 40,54 faizdən az səs toplayan partiya və ya siyasi blok hökumətin formalaşdırılmasında müstəqil olaraq iştirak edə bilməyəcək.
Qanun layihəsinə əsasən, parlament seçkilərində iştirak etmək istəyən partiya 5000 seçicinin imzasını təqdim etməlidir.

Son parlament və yerli idarəetmə orqanlarına seçkilərdə iştirak edən və proporsional olaraq ən azı 15 min səs qazanan partiya və ya bloklar, həmçinin 2018-ci ildə prezident seçkilərində namizəd irəli sürən və ən azı 15 min səs toplayan partiyalar həmin sayda imza verməkdən azaddır.

Sənəddə vurğulanıb ki, 2024-cü ilə qədər növbədənkənar seçkilərin keçiriləcəyi halda, qanun layihəsində nəzərdə tutulan müvəqqəti seçki sistemi qüvvədə olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər