22 İyun 2020 14:15
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın 26-cı prezidenti Teodor Ruzveltin Nyu Yorkdakı tunc heykəli irqçilik səbəbindən söküləcək.

Teleqraf.com xəbər verir ki, Teodor Ruzvelt heykəldə at üzərində təsvir olunub. Onu piyada hindu və afrikalı müşayiət edir. Heykəl 1940-cı ildən bəri Amerika Təbiət Tarixi Muzeyinin girişində dayanıb.

Heykəlin söküləcəyi barədə “Nyu York Tayms” qəzeti muzey rəhbərliyinə və şəhər merinə istinadla məlumat yayıb.

Muzey prezidenti Ellen Fatterin sözlərinə görə, muzey rəhbərliyinin qərarı Amerika mühafizəkarlığının pioneri kimi tanınan Ruzveltin şəxsiyyəti ilə əlaqədar deyil, abidənin “iyerarxik kompozisiyası” səbəbindəndir. “Onu köçürməyin vaxtı gəldi”, – deyə Fatter bildirib.

Öz növbəsində Nyu York meri Bill de Blazio bəyan edib ki, muzey heykəlin sökülməsini xahiş edib. Çünki “burada qaradərili və yerli xalqın nümayəndəsi açıq-aşkar tabe olan və irqi cəhətdən tamhüquqlu olmayan kimi təsvir edilib”.

“Şəhər rəhbərliyi muzeyin istəyini dəstəkləyir. Bu, düzgün qərar və vaxtında atılan addımdır”, – deyə o bildirib.
Heykəlin sökülməsi barədə qərarı, həmçinin, ABŞ-ın 26-cı prezidentinin nəticəsi və muzeyin qəyyumu, 77 yaşlı Teodor Ruzvelt IV də dəstəklədi. O qeyd edib ki, “bərabərlik və ədalət dəyərlərini əks etdirməyən heykəllərə, başqa dövrün qalıqlarına ehtiyac yoxdur”. Amerika prezidentinin nəticəsinin sözlərinə görə, “atlı heykəlin kompozisiyası Teodor Ruzveltin mirasını əks etdirmir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər