Avropa İttifaqı (Aİ) bəzi üzv ölkələrdəki iqtisadi böhranlar, radikal sağçı qrupların və avroskeptik qüvvələrin güclənməsi və s. kimi daxili problemlərdən başqa, həmçinin xarici siyasətdə də ciddi çağırışlarla üz-üzədir.
ABŞ ilə strateji əhəmiyyətli bir çox mövzuda fərqli yanaşmalar, Çinin qlobal güc kimi yüksəlməsi nəticəsində
yaranan mürəkkəb geosiyasi vəziyyət, Rusiya ilə Ukrayna böhranından sonra korlanan və hələ də problemli
qalan münasibətlər və eyni zamanda bütün bunlar haqqında üzv dövlətlər arasındakı fikir ayrılığı Aİ-nin xarici
siyasətini sınağa çəkən çağırışlardan yalnız bəziləridir. Bu yazıda Aİ-nin xarici siyasətində meydana çıxmış əsas təhdid və çağırışlar, onlar haqqında aparıcı üzv dövlətlər arasında yaranmış fikir ayrılığının səbəbləri və
həmçinin bunun yaşadığımız bölgə üçün mümkün nəticələri haqqında qısa təhlil aparılacaq.
Təhlildəki əsas arqumentlər qısa şəkildə:
1. ABŞ ilə ziddiyyətlər artır, amma transatlantik əməkdaşlığa ehtiyac azalmır.
2. Çinin Avropada iqtisadi rolu güclənir, amma Pekin etibarlı və arzuolunan tərəfdaş sayılmır.
3. Rusiya ilə əlaqələrin bərpa olunması ehtiyacı artır, amma ikitərəfli əlaqələri gərginləşdirən məsələlər
buna imkan vermir.
4. Aİ haqqında yuxarıda sadalanan və digər xarici və daxili məsələlər onun Şərq Tərəfdaşlığı regionunda
qətiyyətli beynəlxalq aktor kimi fəaliyyət göstərməsini çətinləşdirir.
Transatlantik əməkdaşlıqda nə baş verir?
Donald Trampın ABŞ Prezidenti seçilməsindən sonra tədricən eroziyaya uğrayan transatlantik əlaqələrdə
problemlər artmaqda və dərinləşməkdədir. Vaşinqtonun avropalı müttəfiqləri ilə müvafiq məsləhətləşmələr
aparmadan beynəlxalq təhlükəsizlik üçün mühüm əhəmiyyət daşıyan bir çox məsələdə təkbaşına qərar
verməsi Rusiya və Çin kimi ölkələrlə münasibətlərdə avropalı müttəfiqlərin maraqlarını və narahatlıqlarını
nəzərə almadan hərəkət etməsi və bütün tənqidlərə baxmayaraq bu yanaşmadan geri dönməməsi Avropada
ciddi narahatlığa səbəb olub. Məsələn, Tramp administrasiyası 2017-ci ilin iyun ayında iqlim dəyişikliyi ilə
mübarizə haqqında Paris sazişindən və 2018-ci ilin may ayında Tehranın nüvə proqramının tənzimlənməsi və
nəzarətə alınması ilə bağlı imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı adlanan müqavilədən çıxması
haqqında, 2019-cu ilin noyabr ayında şimali Suriyadan Amerika qoşunlarının çıxarılmasına dair qərar
verərkən avropalı müttəfiqlərə öncədən xəbər verməyib və onların mövqeyi ilə maraqlanmayıb. Belə ehtimal
olunur ki, bu ilin mayında 35 ölkənin iştirak etdiyi və tərəfdaş dövlətlərin səmasında silahsız nəzarət
uçuşlarına icazə verən Açıq Səmalar Müqaviləsindən çıxmaq haqqında qərar verərkən də Tramp bu ənənəyə
sadiq qalıb və avropalı müttəfiqləri üçün sürpriz edib.
Əvvəlki illərdən fərqli olaraq indi avro-atlantik əməkdaşlıq çərçivəsində konsensus tapıla bilən nadir
mövzular qalıb. Tərəflər arasında narazılıq yaradan səbəblər ticarətdən tutmuş Çin və Rusiya ilə
münasibətlərə qədər müxtəlif sahələri əhatə edir. NATO-nun müdafiə xərcləri üçün nəzərdə tutulmuş Ümum
Daxili Məhsulun 2 faizi həcmində tələbin avropalı müttəfiqlərin əksəriyyəti tərəfindən qarşılanmaması
(Yunanıstan, Estoniya, Böyük Britaniya, Rumıniya, Polşa, Latviya və Litva istisna olmaqla), ABŞ və Aİ arasında
ticari əlaqələrdə Amerikanın ticarət defisitinin olması, ABŞ-ın tələblərinə rəğmən Aİ-nin aparıcı dövlətlərinin
Çinə qarşı sərt mövqe tutmaqdan çəkinməsi, Tramp administrasiyasının “Birinci Amerika” yanaşmasını əsas
tutaraq avropalı müttəfiqlərinin maraqlarını gözardı etməsi tərəflər arasında münasibətləri gərən və
qarşıdurma həddinə çatdıran əsas problemlərdir.
ABŞ ilə Aİ-ni qarşı-qarşıya qoyan bu qəbildən olan son belə vəziyyət Avropada böyük rezonansa səbəb olan
Vaşinqtonun Almaniyada yerləşən hərbi qoşunlarının sayını azaltmaq planı ilə bağlı yayılan xəbərlər oldu.
Belə ki, İkinci Dünya Müharibəsindən sonra Avropanın və ümumilikdə NATO ölkələrinin təhlükəsizliyinin
təminatı və SSRİ-nin mümkün hücumuna qarşı üzv dövlətlərin qorunması üçün Avropada yerləşdirilmiş hərbi
bazanın əsas hissəsinə Almaniya ev sahibliyi edir. Avropadakı ABŞ qoşunlarını koordinasiya edən və vəzifəsi
potensial münaqişələrin, transmilli təhdidlərin qarşısını almaq olan ABŞ Avropa Komandanlığının (EUCOM)
mərkəzi qərargahı Almaniyanın Ştutqart şəhərində yerləşir. EUCOM-un əmrində quru, hava və dəniz
qoşunları var və bu qoşun növlərinin hər birinin Almaniya ərazisində bazaları və digər müxtəlif təsisatları
mövcuddur. ABŞ-ın Avropadakı yeddi qarnizonundan beşi (digər ikisi Belçika və İtaliyadadır) Almaniyada
yerləşir.
Soyuq müharibənin başa çatmasından sonra Avropa üçün Sovet hücumu təhlükəsi yox olsa da, Rusiya ilə
gərginlik və qəfil hərbi eskalasiya ehtimalı heç vaxt aradan qalxmayıb. Xüsusilə, Ukrayna böhranından sonra
Aİ təhlükəsizlik sahəsinə daha çox diqqət ayırmaq qənaətinə gəlib və bu istiqamətdə NATO çərçivəsindən
kənar da xeyli hərbi təşəbbüslər irəli sürüb. Buna baxmayaraq, hələ də ABŞ qoşunlarının Avropada
mövcudluğu qitənin təhlükəsizliyi üçün mühüm amil kimi qiymətləndirilir. Son illərdə ABŞ-ın Almaniyadakı
qoşunlarının sayında davamlı azalma müşahidə olunub. Belə ki, 2006 və 2018-ci illər arasında ölkədəki
amerikalı hərbi qulluqçuların sayı 72,400-dən 33 250-ə qədər azalıb.
Bu prosesin davamı olaraq, 2020-ci ilin iyun ayında Tramp administrasiyası ABŞ-ın hazırda Almaniyada sayı
34,500 olan Amerikan qoşunlarının sayını 9,500 nəfər azaltmaq haqqında qərar qəbul etdi. Prezident Tramp
bunu Almaniyanın NATO çərçivəsində müdafiə xərcləri öhdəliyinə əməl etməməyi və ticari əlaqələrdə ABŞ-a
qarşı ədalətsiz davranmağı ilə əlaqələndirdi. Belə gözlənilir ki, Almaniyadan çıxarılan qoşunun bir qismi
Polşaya və digər ərazilərə, yerdə qalan hissəsi isə geriyə - Amerikaya yönəldiləcək. Qeyd etmək lazımdır ki,
1990-cı illərdəki Rusiya – NATO razılaşmalarına ziddi olsa da, Polşa öz ərazisində Amerikan qoşunlarının və
hətta nüvə silahının yerləşdirilməsi üçün mütəmadi səylər göstərir. Almaniyanın hakim Xristian Demokratlar
Partiyası (CDU) Vaşinqtonun qoşunların azaldılması haqqında olan qərarını NATO ölkələrinin təhlükəsizliyi və
koalisiya daxilində birlik üçün zərbə kimi qiymətləndirib. CDU rəsmisinə görə koalisiyanın bu şəkildə
zədələnməsindən xeyir görən yalnız Rusiya və Çin kimi rəqib qüvvələrdir və Tramp administrasiyası bundan
nəticə çıxarmalıdır.
Transatlantik münasibətlərdə ziddiyyətli digər məsələ isə Rusiya ilə münasibətlərin gələcəyi ilə bağlı həm
NATO həm də Aİ daxilində olan fikir ayrılığıdır. Qərb liderləri arasında bu yanaşma fərqi xüsusilə koronavirus
pandemiyasına görə sentyabr ayına təxirə salınan ən böyük iqtisadi güclərin görüşü (G7) ilə bağlı ortaya çıxdı.
Belə ki, ABŞ Prezidenti Trampa görə Rusiyanın bu görüşdən kənar saxlanılması dünyanın geosiyasi və iqtisadi
reallıqlarını əks elətdirmir və o, Cənubi Koreya, Hindistan və Avstraliya ilə yanaşı Rusiyanın da bu görüşə
qatılmasını təklif edir. Rusiya ilə dialoq və münasibətlərin normallaşması Çin ilə şiddətlənən rəqabət fonunda
Qərb üçün faydalı olar və Moskvanın Pekinlə ittifaqda hərəkət etməsinin qarşısını alar.
Bu kontekstdə diqqət çəkən bir nüansı xüsusilə qeyd etmək lazımdır. Tramp administrasiyası, bir tərəfdən
Moskva ilə dialoqun bərpasını və sentyabrda keçiriləcək ən böyük iqtisadi güclərin görüşünə Rusiya
rəhbərliyinin də dəvət olunmasını təklif edir, digər tərəfdən də Avropa dövlətləri və Rusiya arasında olan
əməkdaşlıq layihələrinə qısqanclıqla yanaşır. Məsələn, Şimal Axını 2 layihəsinin çəkilməsinə ABŞ-ın
reaksiyası bu baxımdan diqqətəlayiqdir. Vaşinqton iddia edir ki, bu layihənin reallaşması Avropanın
Rusiyadan asılılığını artıracaq, Moskvaya Avropa ölkələri üzərində daha çox təsir imkanları verəcək və
beləliklə, Qərbin Rusiyaya sanksiya və digər vasitələrlə təzyiq etmək siyasətinə mane olacaq.
Bunun nəticəsində keçən ilin son ayları ABŞ Konqresi tərəfindən layihədə iştirak edən şirkətlərə sanksiya
qoyuldu və dekabr ayının 21-də Prezident Tramp qanun layihəsini təsdiq etdi. Sanksiyalar xüsusilə boruların
inşasında iştirak edən şirkətləri hədəf alaraq layihənin çəkilişini xeyli ləngitmiş və Rusiyanı layihədən imtina
edən şirkətlərin gördüyü işi özü icra etməyə məcbur etmişdi. Buna baxmayaraq, 2020-ci ilin sonuna qədər
boru kəmərinin çəkilişinin tamamlanması gözlənilirdi. Bu ehtimal ABŞ-ı yeni sanksiyalar qəbul etməyə vadar
edib. 2020-ci ilin iyun ayının əvvəlində senatorlar tərəfindən “Şimal Axını 2” layihəsində iştirak edən sığorta
şirkətlərini hədəfə alan sanksiya layihəsi irəli sürülüb. Sanksiya layihəsinin əsas müəlliflərindən biri senator
Ted Kruz bəyan edib ki, “Şimal Axını 2” ABŞ-ın milli təhlükəsizliyinə böyük təhdid yaradır və
tamamlanmamalıdır. O, bildirib ki, yeni sanksiyalar layihədə hər hansı formada iştirak edən hər kəsi əhatə
edəcək.
ABŞ-ın bu mövqeyi və ekstraterritorial sanksiyalar qoyaraq Avropa şirkətlərini hədəfə alması Avropa
İttifaqında (Aİ), xüsusilə layihənin tərəfdaşı olan Almaniyada, böyük narahatlıq və etirazla qarşılanır.
Almaniyanın İqtisadiyyat Naziri Peter Altmaier bildirib ki, bu sanksiyalar ekstraterritorial xarakterdə olaraq
beynəlxalq hüququn pozulmasıdır və beynəlxalq əməkdaşlığa zərbə vurur. Nazirlikdən mətbuata verilmiş
məlumata görə, yeni sanksiyalar nəinki daha çox avropalı və Alman şirkətlərinə hətta layihədə iştirak edən
dövlət agentliklərinin administrativ fəaliyyətinə də təsir edə bilər.
Məlumatda bildirilir ki, dost dövlətlərin rəsmilərinə qarşı sanksiya qoyulması bir yenilik olar. Almaniya Xarici İşlər Nazirliyi də yeni sanksiyaların qoyulması ehtimalına reaksiya verərək, onu “Avropanın enerji təhlükəsizliyinə və Avropa İttifaqının suverenliyinə ciddi müdaxilə” kimi qiymətləndirib. Almaniyada və bir çox müşahidəçilər arasında belə qənaət var ki, ABŞ-ın sanksiyalarının əsas səbəbi Almaniyanı Rusiya qazı əvəzinə təxminən 2 dəfə baha qiymətə Almaniyaya gəlib çatan Amerikanın mayeləşdirilmiş təbii qazını (LNG) almağa məcbur etməkdir.
ABŞ-la Aİ arasında yaranan bu kimi narazılıqlar və ziddiyyətlər İttifaqı öz müqəddəratının qeydinə qalmağa
və ABŞ-dan müstəqil hərbi gücə çevrilməyə təşviq edir. Son bir neçə ildə bu məqsədlə bir neçə təşəbbüs
göstərib. Məsələn, 2017-ci ildə Daimi Strukturlaşdırılmış Əməkdaşlıq (Permanent Structured Cooperation –
PESCO) adlı hərbi pakt imzalanıb və 2021 – 2027-ci illəri əhatə edəcək 13 milyard dollar büdcəsi olan Avropa
Müdafiə Fondu (AMF) (European Defence Fund) təsis edilib. PESCO Aİ-də müdafiə sahəsində əməkdaşlığın
dərinləşdirilməsi vasitəsilə strateji hərbi sahədə koordinasiyanın və birgə fəaliyyətin (interoperability)
çatışmazlığını aradan qaldırmağa yönəlib. 2018-ci ilin iyununda qəbul edilmiş Qabiliyyətin İnkişafı Planı
(Capability Development Plan - CDP) adlanan sənəddə PESCO üçün prioritetlər müəyyənləşdirilib. CDP NATOdan hərbi strateji asılılığın aradan qaldırılması və ABŞ-ın təsdiqinə ehtiyac duymadan fəaliyyət göstərə bilmək üçün lazım olan müstəqilliyin təmin edilməsi üçün tələb olunan hərbi gücün yaradılmasını təşviq edir. Bu
sənədə əsasən ağır transport hava daşıyıcılarının, raket daşıyıcılarının, sualtı hərbi müdafiə silahları, ballistik
raket əleyhinə müdafiə sisteminin və s. yaradılması tələb olunur. Baxmayaraq ki, hədəflər böyükdür, lakin
mövcud imkanlar məhduddur. Mütəxəssislərin qənaətinə görə, 13 milyard dollarlıq büdcə ilə hərbi sahədə
ciddi nəticəyə nail olmaq mümkün deyil. Buna görədir ki, ittifaq bu təşəbbüslər çərçivəsində müəyyən edilmiş
prioritetləri 3 qrupa ayırıb (ilkin, orta və son prioritetlər) və ilk öncə asanlıqla əldə edilə biləcək hədəflərə
fokuslanıb. Aİ bununla üzv ölkələr arasında marağı artırmağa və növbəti hədəflər üçün daha böyük dəstək
qazanmağa çalışır.
PESCO-nun hədəfi müdafiə yükünün bölüşdürülməsi və Avropa İttifaqının təhlükəsizliyi üçün hərbi təchizatın
təmin edilməsi olsa da, ABŞ-ın hökumət strukturlarının və müdafiə sənayesinin müqaviməti ilə üzləşib. Belə
ki, 1 May 2019-cu il tarixində, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissarı Federika
Mogeriniyə ABŞ-ın Müdafiə Nazirinin müavini Ellen Lord və Dövlət Katibinin müavini Andrea Tompson
tərəfindən imzalanmış məktub göndərilib. Məktubda ABŞ-da PESCO və Avropa Müdafiə Fondunun
yaradılmasından doğan narahatlıq ifadə edilib. Məktubdan olan aşağıdakı sitat əhəmiyyətlidir: “Bu
təşəbbüslər mövcud silahların oxşarının yaradılması (duplication), ABŞ-la birgə fəaliyyətin (interoperability)
çərçivəsi xaricində hərbi sistemlərin təchiz edilməsi, məhdud sayda olan müdafiə resurslarının diversiyası
(diversion) və Aİ ilə NATO arasında lazımsız rəqabət ortaya çıxartması riskini daşıyır... Bu layihələr Aİ-ə aid
olmayan (Non-EU) şirkətlərin iştirakını qadağan etməklə Amerikan şirkətlərini də kənarda qoyur.”
Avropa İttifaqı rəsmiləri isə cavab məktubunda bu narahatlığın əsassız olduğunu göstərməyə çalışıb və iddia
ediblər ki, PESCO və Avropa Müdafiə Fondu Aİ-nin hərbi gücünü artırmaqla üzv ölkələrin NATO daxilindəki
öhdəliklərini yerinə yetirməsinə dəstək olacaq.
Məktubda qeyd olunub ki, Aİ-nin təşəbbüsləri nəticəsində əldə olunmuş yekun silahlar Aİ-nin yox, üzv dövlətlərin sərəncamında olacaq. Aİ rəsmiləri onu da əlavə etdilər ki, 3-cü tərəflərin iştirakı ilə bağlı məhdudiyyətlər məxfi məlumatların sızdırılmasının qarşısının alınması və intellektual mülkiyyət hüquqlarının qorunması məqsədini daşıyır və bu məhdudiyyətlər ABŞ-ın müdafiə sənayesindəki qanunlarla oxşardır. ABŞ-ın müdafiə sənayesində həddindən artıq məhdud sayda Avropa şirkətinin iştirakı buna misaldır. Məsələn, 2016-cı ildə ABŞ-ın hərbi müdafiə sahəsində tədqiqat üçün ayrılmış maliyyənin cəmi 0,17 faizi Avropalı şirkətlərə verilib.
Bundan əlavə Avropa bazarı hər zamankı kimi ABŞ-ın hərbi ixracına açıqdır və bu sahədə ticarət balansı ABŞ-ın xeyrinədir. Belə ki, 2014-2016-cı illərdə ABŞ Aİ-ə 62,9 milyard dollar həcmində silah ixrac edib, bunun qarşılığında Aİ-dən cəmi 7,6 milyard dollarlıq silah alıb.
Məhdudiyyətlərə və çətinliklərə rəğmən, Aİ hərbi-müdafiə sisteminin gücləndirilməsində qətiyyətli görünür.
Bu istiqamətdə əsas addımlardan biri İyun ayında atıldı. İttifaqın üç üzvü – Fransa, Almaniya və İspaniya –
Fransa prezidentinin iştirakı ilə, hər üç ölkənin müdafiə nazirləri tərəfindən Parisdə növbəti nəsil döyüş
təyyarəsi üçün Gələcək Döyüş Hava Sistemi (Future Combat Air System) adlı sənədi imzaladılar. Razılığa
əsasən 2040-cı ilə qədər İttifaqın dron və peykləri də kontrol edə biləcək ümumi hava döyüş sistemi (air
combat system) yaradılmalıdır. Hələ ki, digər üzv dövlətlər buna qoşulmayıb, lakin Prezident Emannuel
Makron başqa üzvləri də cəlb etmək üçün cəhdlər edir. Fransa və Almaniya 2025-ci ilə qədər döyüş
təyyarələrinə 4 milyard avro investisiya qoyacaq. Bu döyüş təyyarələrinin hibrid elektrik texnologiyası ilə
təchiz olunacağı və radarlar tərəfindən tutulmasının daha çətin olacağı gözlənilir. Bunlar hazırda istifadə
olunan Rafale və Eurofighter qırıcılarını əvəz edəcək.
Qeyd etmək lazımdır ki, Avropa İttifaqının müdafiə sisteminin gücləndirilməsinin əsas təşəbbüskarı Fransa
Prezidenti Emanuel Makrondur. Almaniyanın “Spiegel” qəzetinə görə o, Berlinə bu məsələdə təzyiq edir.
Keçən il iyulun 12-də Makron Fransanın nüvə silahı daşıma potensialı olan “Suffren” adlı sualtı döyüş
gəmilərinin açılışını etdi. İlk Suffrenin gələcək 10 il ərzində istifadəyə veriləcəyi və 9,1 milyard avroya başa
gələcəyi gözlənilir. Suffren 1980-ci illərdən bəri istifadə olan Rubis sinfinə aid sualtı gəmiləri əvəz edəcək.
Suffrenin 1,000 km məsafədəki hədəfləri vurmaq potensialı olacağı və mina ata biləcəyi bildirilib. 2019-cu il
iyulun 3-də Makron eyni zamanda Fransanın hava qüvvələri çərçivəsində kosmik hərbi qüvvələrinin (space
force) yaradılması haqqında da tapşırıq verdiyini açıqladı. Bunun kosmosdakı vəziyyətdən daha yaxşı
məlumatlı olmaq, Fransanın peyklərini qorumaq və daha aktiv manevr etmək məqsədilə yaradıldığını
açıqladı. Qeyd etmək lazımdır ki, Fransadan qabaq ABŞ, Çin və Rusiya kimi dövlətlərin kosmosla bağlı hərbi
planları qəbul edilmişdi. Fransa 2019-2025-ci illərdə kosmosla əlaqədar müdafiəyə 3,6 milyard dollar
xərcləməyi planlayır.
Beləliklə, Soyuq Müharibə illərindən fərqli olaraq NATO-nun üzv ölkələrinə aşağı-yuxarı oxşar dərəcədə
təhdid yaradan ümumi təhlükənin olmaması transatlantik əməkdaşlığın mahiyyətini dəyişib. ABŞ və
Avropa İttifaqı (Aİ) üçün artıq milli təhlükəsizliyə təhdidlər və beynəlxalq əməkdaşlıqda maraqlar bir çox
məqamda fərqlidir. Buna görədir ki, tərəflər arasında ticarət və təhlükəsizlik kimi fundamental məsələlər də
daxil olmaqla demək olar ki, bir çox sahələrdə maraqların toqquşmasının şahidi oluruq. Lakin, Aİ-nin hərbi
gücünün zəif olması və beynəlxalq hərbi təhdidlərə qarşı NATO-ya ehtiyacının qalması onun ABŞ-dan
asılılığının davam etməsinə səbəb olur. Doğrudur, son illərdə Aİ-də vahid ordunun yaranması və hərbi
sənayenin inkişaf etdirilməsi üçün ciddi təşəbbüslər göstərilir, lakin, mövcud çatışmazlıqların qısa müddətdə
aradan qaldırılması və ABŞ-dan tam müstəqil hərbi gücə çevrilməsi mümkün görünmür.
Çinin iqtisadi və geosiyasi güclənməsi Avropa İttifaqına (Aİ) necə təsir edir?
Çin 2019-cu ildə Avropa İttifaqının ümumi xarici ticarət dövriyyəsinin 13,8 faizinə sahib olmaqla onun əsas
ticarət tərəfdaşlarından biridir. Bu baxımdan onunla Avropa İttifaqı ölkələri ilə 15,2 faiz ticarət dövriyyəsi
olan ABŞ arasında fərq getdikcə azalmaqdadır. Buna baxmayaraq, tərəflər arasında mürəkkəb siyasi və
geosiyasi problemlər ikitərəfli münasibətlərin inkişafına və dərinləşməsinə mane olur. 2019-cu ildə Avropa
İttifaqı ilk dəfə rəsmi olaraq Çini “texnoloji liderlik yarışında iqtisadi rəqib (“competitior”) və alternativ
idarəçilik modeli təbliğ edən sistemik rəqib (“systemic rival”) adlandırdı. Çinin Avropa İttifaqı ərazisində
təsirini artırması və maliyyə çətinlikləri ilə üzləşən şirkətləri satın alması Aİ-də ciddi narahatlığa səbəb olur.
Bu narahatlıq hələ 2016-cı ildə Çinin Bavariyada robot şirkəti “Kuka”nı almasında diqqət çəkmiş və ondan
sonrakı müddətdə almanlar mümkün qədər çinliləri strateji əhəmiyyəti olan sahələrdən uzaq tutmağa
çalışmışlar.
Məsələn, 2018-ci ildə elektrik istehsalı müəssisəsi 50Hertz-in çinlilər tərəfindən alınmasının qarşısını almaq
üçün axırda Almaniyada dövlətə məxsus olan KfW bankı prosesə müdaxilə etmiş və satışın qarşısını almışdır.
Pandemiya şəraitində müflisləşən şirkətlərin Çindən qorunması daha böyük önəm almağa başlamışdır.
Bunun nəticəsidir ki, Avropa Parlamentində çoxluğa sahib Avropa Xalqlarının Partiyası (EPP) parlamentar
qrupunun lideri Manfred Veber təklif edib ki, Çinin Avropa İttifaqında müəssisələri almasına 12 aylıq
müvəqqəti qadağa tətbiq edilsin. Təklifin reallaşacağı zəif ehtimal olsa da, Avropada siyasi çevrələrdə Çinlə
bağlı narahatlığı anlamaq üçün vacib bir nüansdır. Bu arada İttifaqın şərqdəki üzvü Rumıniyada da Çinin
investisiyalarına qarşı qərar qəbul edilib. Belə ki, may ayının sonunda Rumıniya hökuməti dövlətə məxsus
enerji şirkəti olan Nuclearelectrica şirkətinə ölkənin yeganə nüvə enerjisi istehsal edən Çernavodadakı
zavodda əlavə iki nüvə reaktoru tikintisi üçün Çinlə 2015-ci ildə imzalanmış müqavilənin ləğv edilməsini
tapşırıb.
Bu kimi problemlər Çinin Avropada investisiyalarına qarşı baryerlər yaratmaqla nəticələnib. Məsələn, 2019-
cu ildə Çinin Aİ ölkələrində (Britaniya da daxil) investisiyasının həcmi əvvəlki ilə nisbətən 33 faiz azalaraq 18
milyard avrodan 12 milyard avroya düşüb. Baxmayaraq ki, ümumilikdə Çinin qlobal investisiyalarının
həcmində 2016-cı ildən etibarən azalma müşahidə olunur, lakin Aİ-dəki 33 faiz azalma kifayət qədər böyük
rəqəmdir. Qeyd etmək lazımdır ki, iqtisadiyyatı böyük ölçüdə qapalı olan Çin də Avropalı şirkətlərin
investisiyalarına əngəllər yaradır və məhdudiyyətlər qoyur. Tərəflər 2014-cü ildən etibarən danışıqlar
prosesində olan investisiya sazişini imzalamaqla bu sahədəki problemləri həll etmək niyyətindədir. Bu ilin
sentyabr ayında Aİ – Çin liderlərinin sammitində sazişin imzalanması gözlənilirdi, amma pandemiya o
sammitin də keçirilməsinə mane oldu. Bəzi müşahidəçilərə görə tərəflərin kritik bir çox məsələdə razılığa gələ
bilməməsi və ABŞ seçkilərindən öncə Trampa Aİ-ni Çin müttəfiqi kimi təqdim edərək avro-atlantik
əməkdaşlıq tərəfdarı olan rəqibi Co Baydenə qarşı istifadə etməsinə mane olmaq sammitin təxirə salınması
üçün əsas səbəblərdən ola bilər.
Aİ-də Çin ilə münasibətlərə dair digər önəmli məqam ondan ibarətdir ki, heç də bütün üzvlər Çin ilə sıx
əlaqələrdən qaynaqlanan problemləri eyni dərəcədə qiymətləndirmir. Məsələn, Aİ-nin ən böyük iqtisadi
güclərindən biri olan İtaliyada hakim dairələr hesab edir ki, Çin ilə hərtərəfli iqtisadi əməkdaşlıq böhranlı
vəziyyətdə olan ölkə iqtisadiyyatının dirçəlməsi üçün faydalı ola bilər. Buna görədir ki, Brüsselin və
Vaşinqtonun etirazlarına rəğmən Çin – Avropa ticarətində öz portlarının əhəmiyyətinin azalmağından ehtiyat
edən İtaliya 2019-cu ilin martında Bir Kəmər – Bir Yol layihəsinə qoşulan ilk böyük Avropa iqtisadiyyatı oldu.
Covid-19 pandemiyasının yaratdığı qarışıq beynəlxalq vəziyyətdə də İtaliya ilə Çin arasındakı münasibətlər
diqqət çəkdi və Aİ-nin mərkəzi qurumlarında və digər aparıcı dövlətlərdə qısqanclıqla qarşılandı. Çin ilə sıx
əməkdaşlığın tərəfdarı olan hakim koalisiya üzvü 5 Ulduz Hərəkatı partiyasının bu prosesə xüsusi rolu da qeyd
edilməlidir. İtaliyanın pandemiya ilə mübarizədə ciddi çətinliklə üzləşdiyi günlərdə Aİ ölkələrindən öncə ona
kömək əli uzadan Çinə ictimai dəstək də güclənməkdədir. Aprel ayının əvvəllərində İtaliyada aparılmış ictimai
rəy sorğusuna görə Aİ-ni tərk etmək tərəfdarlarının sayı 2018-ci ilin noyabr ayındakı 20 faizdən 49 faizə
yüksəlmiş, İtaliyanın Aİ kənarında alyanslar yaradarkən Çinin əsas tərəfdaş olmalı olduğuna inananların sayı
isə 36 faizə çatmışdır.
Çin ilə münasibətlərin forma və şərtləri məsələsində Berlinin də özünəməxsus siyasəti mövcuddur. Qeyd
edilməlidir ki, Çin Almaniyanın xarici ticari dövriyyəsində müstəsna əhəmiyyəti olan bir dövlətdir və bu
baxımdan Aİ-də xüsusi yeri var. Məsələn, əgər 2019-cu ildə Britaniya da daxil olmaqla 28 Aİ ölkəsinin Çinə
ümumi ixracı 198 milyard avro təşkil edibsə, bu miqdarın 96 milyard dolları yalnız Almaniyanın ixracatının
payına düşür. Çin Almaniyanın avtomobil sənayesi üçün də böyük əhəmiyyətə sahib bir bazardır. Belə ki, son
illər Almaniyanın qlobal avtomobil ixracının təxminən 25 faizi bu ölkənin payına düşüb. Bəzi alman avtomobil
markaları üçün bu faiz daha yüksək olub, məsələn, “Volkswagen” avtomobillərinin 2018-ci ildə 40 faizi Çinə
ixrac olunub.
Buna görədir ki, keçən ilin sentyabrın əvvəllərində, Honq Konq hökumət əleyhinə nümayişlərin tüğyan etdiyi
və insan hüquqları pozuntularına görə Çinin beynəlxalq tənqidin hədəfində olduğu bir vaxt, böyük biznes
nümayəndə heyəti ilə Pekinə səfər etmiş Angela Merkel Çin rəhbərliyi ilə münasibətlərin Çinin daxili
məsələlərinə görə zədə görməməsi üçün ehtiyatlı davranış göstərmişdi. 14 illik hakimiyyəti ərzində Çinə 12-
ci səfərini gerçəkləşdirən xanım Merkelin Çinlə iqtisadi münasibətlərə bu şəkildə önəm verməsi onun Aİ-dəki
müttəfiqi Fransa Prezidenti Emmanuel Makron tərəfindən də dəstəklənir. Makron bir tərəfdən Almaniyanın
Çin və ABŞ arasındakı gərginlikdə mümkün qədər Avropa maraqlarına uyğun yer tutması və beləliklə Pekini
sərt tənqid etməkdən çəkinməsini haqlı hesab edir və özü də bu mövqeyi nümayiş etdirir, digər tərəfdən isə
Merkelin Almaniyanın Aİ – Çin ticari əlaqələrindəki dominantlığını siyasi əlaqələrdə də əks etdirməsinə mane
olmağa çalışır.
Şərqi Avropadakı Aİ üzvləri də Çinlə münasibətləri yüksək səviyyədə saxlamaqda və əməkdaşlıq imkanlarının
genişlənməsində maraqlıdır. Məsələn, bu ilin aprel ayında Macarıstan və Çin arasında imzalanan borc
müqaviləsi ilə bağlı regionda Çinin əhəmiyyətini anlamaq üçün vacib məqamdır. Belə ki, Budapeşt və Belqrad
arasında 150 km uzunluqda dəmiryolunun çəkilməsi üçün 2,1 milyard dollar dəyərindəki dəmiryolu
layihəsinin icrası üçün nəzərdə tutulan bu müqavilə ilə Çin Avropa İttifaqı daxilində ilk belə infrastruktur
layihəsində iştirak etmək imkanı əldə edib. Xərclərinin 85 faizi Çin və 15 faizi Macarıstan tərəfindən
qarşılanan dəmiryolunun tikintisinə 2014-cü ildə Serbiyada başlanılıb, lakin bir neçə dəfə ləngimələrlə
üzləşib. İndiki hesablamalara görə 2025-ci ildə başa çatacaq layihə Çindən Yunanıstan üzərindən Qərbi
Avropaya aparılan malların daşınmasını asanlaşdırmaq üçün də mühüm əhəmiyyətə malikdir. Bu layihə eyni
zamanda 10 ildən artıq müddətdir ki Şərqi Avropa ölkələri və Çin arasında 17+1 formatında aparılan
əməkdaşlıq çərçivəsində ilk böyük həcmli infrastruktur layihəsidir.
Yuxarıda bəhs edilən səbəblərə görədir ki, Vaşinqtonun avropalı müttəfiqləri ABŞ-ın Çin ilə şiddətləndirdiyi
konfrantasiyada yer almaqda həvəsli deyil. Aİ tərəfindən Çinin Honq Konqun statusu ilə bağlı
qanunvericilikdə etdiyi son dəyişiklikdən sonra ABŞ-ın Çinə qarşı yaratmaq istədiyi iqtisadi koalisiyaya
qoşulmaqda da eyni şəkildə həvəssizlik nümayiş olunur. Bunun nəticəsidir ki, Honq Konq böhranı fonunda
Çinin Xarici İşlər Naziri Vanq Yi ilə telefon danışığı aparan Fransa Prezidenti Makronun diplomatik konsulu
Emmanuel Bonne tərəf müqabilinin diqqətinə çatdırdı ki, Fransa Çinin milli suverenliyini tanıyır və onun Honq
Konqla bağlı məsələlərinə qarışmaq niyyəti yoxdur. Çini ABŞ kimi sərt tənqid etmək və sanksiyalarla
hədələmək əvəzinə Aİ liderləri Pekinlə dialoqun aparılmasının və problemləri danışıqlar vasitəsilə həll
etməyin vacib olduğunu vurğulayırlar. Bu vəziyyət də yuxarıda müzakirə olunan ABŞ – Aİ münasibətlərinin
pozulması kontekstində daha bir gərginlik mənbəyidir.
Lakin Avropa İttifaqı Çinlə münasibətləri korlamaqdan yayınmaqla yanaşı, eyni zamanda, həm əvvəldə bəhs
olunan investisiyalar və bunun mümkün siyasi nəticələri məsələsində, həm də Çinin Avropanın
qonşuluğundakı regionlarda güclənən iqtisadi və siyasi təsiri sahəsində ehtiyatı əldən vermir. Bu cəhətdən
Aİ-nin Afrika ölkələri ilə münasibətdə son aylarda göstərdiyi cəhdləri xüsusilə qeyd etmək lazımdır.
Koronavirus pandemiyasının bu cəhətdən əlaqələrdə durğunluq yaratmasına baxmayaraq, vurğulamaq
lazımdır ki, keçən ilin dekabr ayında fəaliyyətə başlayan və Prezident Ursula von der Leyen tərəfindən
“geosiyasi komissiya” adlandırılan Avropa Komissiyası ilk xarici səfərini dekabrın birinci yarısında məhz
Afrikaya edib. Afrika Birliyinin (AB) baş qərargahının yerləşdiyi paytaxt Əddis-Əbəbə şəhərində AB-nin
komissiya sədri Moussa Faki ilə görüşən avropalı lider bildirdi ki, Afrika ilə strateji əməkdaşlıq və miqrasiya
probleminin həlli istiqamətində işlər onu fəaliyyətinin əsas hədəflərindən biri olacaq. Bununla yanaşı xanım
Prezident bildirdi ki, o, Afrikaya hər hansı böyük plan ilə gəlməyib və səfərinin əsas məqsədi kontinentdəki
trendlər və son proseslər haqqında müzakirələr aparmaq və eyni zamanda əməkdaşlıq perspektivlərini
dəyərləndirməkdir. Aİ-dən fərqli olaraq, Çinin Afrika qitəsində müxtəlif həssas sahələri əhatə edən dərin
əməkdaşlıq bağları var. Çin region ölkələrini sürətlə Bir Kəmər – Bir Yol layihəsinə cəlb etməklə yanaşı, son
11 ildir ki, ardıcıl olaraq Afrikanın ən böyük ticarət tərəfdaşıdır.
Avropa İttifaqı və Rusiya münasibətlərinin normallaşması mümkündürmü?
Qərb ilə Rusiya arasında 2014-cü ildə korlanan münasibətlərin tədricən normallaşması ehtimalı bir çox
müşahidəçilər tərəfindən çoxdan gözlənilir. Belə ki, ABŞ üçün prioritet hədəf olan Ukraynanın Rusiyanın
regional layihələrindən uzaqlaşdırılmasına nail olunub və indi bütün qüvvənin Çinlə rəqabətə cəmləşdirilməsi
ehtiyacı yaranıb. Baxmayaraq ki, Krımın işğalına və Şərqi Ukraynadakı separatizmə dəstək verdiyinə görə
Rusiyaya tətbiq olunmuş sanksiyaların ləğvi hələ ictimaiyyətə açıq müzakirə predmetinə çevrilməyib, ancaq
tərəflər arasında siyasi yaxınlaşma hiss olunur və iqtisadi sferada da müəyyən irəliləyişlər diqqət cəlb edir.
İki tərəf arasında bu yaxınlaşmada ABŞ və Aİ-nin ortaq hədəfləri olsa da, fərqli məqsədləri də mövcuddur: ABŞ
üçün Rusiya ilə əməkdaşlığın bərpası daha çox Çinlə gərginləşən konfrontasiya fonunda Moskva və Pekin
arasında əməkdaşlığın dərinləşməsinin qarşısını almaq, Avropa İttifaqı (xüsusilə Fransa və Almaniya) üçün isə
ABŞ-la yaşanılan gərginliyin və etimadsızlığın fonunda təhlükəsizlik sahəsində dialoqun və iqtisadi sahədə
əməkdaşlığın aparılması üçün lazımdır. Açıq şəkildə ifadə etməsələr də, Avropa İttifaqı liderləri ehtiyat edir
ki, ABŞ artıq Soyuq Müharibə dövründəki kimi Avropa təhlükəsizliyi üçün qarant rolunu oynamaq istəmir.
Trampın Almaniyadakı qoşunların sayını azaltması və Avropalı müttəfiqlərlə məsləhətləşmədən beynəlxalq
təhlükəsizlik üçün həyati əhəmiyyət daşıyan məsələlərdə qərarlar verməsi onların bu narahatlığını artırır.
E.Makron Aİ-nin Rusiya ilə olan münasibətlərinin normallaşmasının əsas təşəbbüskarlarından biri kimi çıxış
edir. Onun rəhbərliyi altında Fransa, 2019-cu ilin iyulun əvvəlində, Almaniya ilə birlikdə, Rusiyanın Avropa
Şurası Parlament Assembleyasında səsvermə hüququnun bərpa edilməsinə dəstək vermişdi. Bunun davamı
olaraq həmin ilin avqustunda Rusiya Prezidenti Vladimir Putini G7-nin sammitindən cəmi bir neçə gün öncə
Fransada qəbul edən Makron ikitərəfli münasibətlər üçün müsbət siqnallar verib və hətta Rusiyanın G7-ə geri
qaytarılmasına çağırıb. Fransa prezidenti inanır ki, ortaq maraqlar təşviq edilməli və Aİ ilə Rusiya arasında
münasibətlər yenidən qurulmalıdır. O, eyni zamanda 2020-ci il 9 May Qələbə Günündə Rusiyaya səfər
edəcəyini də bildirmişdi. Makronun Rusiyanı G7-yə qaytarmaq təklifinə Prezident D.Trump da müsbət
reaksiya verərək bildirdi ki, Rusiyanın qrupa qayıtması münasibdir. Trump oxşar mövqeyi daha əvvəl də
(məsələn, G7-nin 2018-ci ildə Kanadadakı sammitində) səsləndirib. Makronun bu çağırışına, Trumpdan fərqli
olaraq, Almaniya və Britaniya rəhbərliyi müsbət reaksiya vermədi və Ukrayna məsələsində ciddi progress
əldə olunmadan bunu doğru hesab etmədiklərini bildirdi.
Qərbin Rusiya ilə münasibətlərin normallaşmasına təkan verə biləcək amillər kimi həm iqtisadi həm də
geosiyasi məqsədləri qeyd etmək olar. Baxmayaraq ki, Rusiya ilə tam gücdə iqtisadi əlaqələrin bərpası
Avropa İttifaqı iqtisadiyyatı üçün Rusiyaya olduğu qədər böyük iqtisadi anlam ifadə etmir, ancaq mövcud
iqtisadi durğunluq və son aylarda müşahidə olunan geriləmə Rusiya ilə yaxınlaşma tərəfdarlarının səsini daha
gücləndirir. Lakin, Qərb – Rusiya münasibətlərinin istiləşməsinin geosiyasi tərəfi də önəmlidir və ehtimal
etmək olar ki, daha çox əhəmiyyət kəsb edir. Rusiyanı Qərbdən sıxışdırdıqca onun Çindən asılılığının artması,
tərəflər arasında hərbi əməkdaşlığın dərinləşməsi və bunun mümkün təsirləri Ukrayna böhranı başlandığı
vaxtdan mətbuatda tez-tez qeyd olunurdu. Bu ehtimal elə əvvəldən Qərbin Rusiyanı məhdud şəkildə
“cəzalandırmasına” başlıca səbəb idi.
Amerikanın aparıcı geosiyasi tədqiqatçılarından olan Corc Fridmanın hələ 2014-ci ildə yazdığı kimi, Qərb
Rusiyaya qarşı Ukrayna böhranı ilə bağlı sanksiyaları elə formada tətbiq edib ki, bu nə Rusiyanı tamamilə diz
çökdürərək aqressiv həmlələr etməsinə səbəb olsun, nə onu tamamilə Çinin qollarına itələsin, nə də elə
təəssürat yaratmasın ki, Qərb Rusiyanı Ukraynaya görə ciddi şəkildə cəzalandırmadı. Məsələn, Rusiyalı
ekspertlərin hesablamalarına görə sanksiyalar 2014-2017-ci illərdə Rusiya iqtisadiyyatına illik cəmi 40-50
milyard dollar zərbə vurub. Buna paralel olaraq isə, tərəflər arasında iqtisadi əlaqələr davam etdirilib.
Məsələn, 2018-ci ildə Almaniyanın Rusiyaya investisiyası (3.7 milyard dollar) son 10 ilin ən yüksək səviyyəsinə
çatıb. Oxşar böyümə Fransa – Rusiya iqtisadi əlaqələrində də qeydə alınıb: 2018-ci ildə iki dövlət arasındakı
ticari əlaqələr 11% böyümə ilə 17 milyard dollara çatıb və Fransız şirkətlərinin Rusiyaya investisiyası isə 20
milyard dollar həcmində qeydə alınıb.
Beləliklə, tərəflər arasında münasibətləri pozan və qarşıdurma səviyyəsinə çatdıran fundamental problemlər
həll olunmasa da, Qərb və Rusiya arasında müəyyən yaxınlaşma cəhdlərinin şahidi oluruq. Xüsusilə, Fransa
Prezidenti Emmanuel Makron hesab edir ki, Rusiyanın narahat olduğu geosiyasi məsələlər nəzərə alınmalı və
keçmiş Sovet ölkələri ilə bağlı siyasətdə provokativ addımlardan çəkinilməlidir. Avropada təhlükəsizliyin
Rusiya ilə əməkdaşlıq etmədən mümkün olmadığına inanan Makronun fikrincə, Avropa İttifaqı həm Rusiya
ilə münasibətləri həm də “beyin ölümü” keçirdiyini iddia etdiyi NATO-nun və transatlantik əməkdaşlığın
üzləşdiyi problemləri yenidən nəzərdən keçirməlidir. Bu yanaşma Fransanın, eyni zamanda, ümumilikdə
Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrində daha ehtiyatlı siyasət yeritməsinə və Rusiyanı qıcıqlandıracaq
addımlardan çəkinməsinə səbəb olur.
Nəticə
Son illərə qədər özünü daha çox “yumşaq güc” və ya “normativ güc” kimi xarakterizə edən və xarici siyasətdə
üzləşdiyi çətinlikləri daha çox normativ və iqtisadi rıçaqlarını işə salaraq həll etməyə çalışan Avropa İttifaqı
(Aİ) üçün hazırda öhdəsindən gəlməli olduğu çağırış və təhdidlərin bir çoxu onun hazırlaşmadığı qəbildən
imtahan suallarıdır. Donald Trampın Prezident seçilməsinə qədər təhlükəsizlik sahəsində böyük ölçüdə
transatlantik əməkdaşlığa arxayın olan və özünün hərbi sənayesinə və ordu quruculuğuna etinasız yanaşan
Aİ üçün ABŞ ilə yaşanan ziddiyyətlər narahatlıq doğurur. Baxmayaraq ki, son illərdə hərbi quruculuq
sahəsində bir çox önəmli addımlar atılıb, lakin qısa zamanda Aİ-nin, özlərinin dediyi kimi, suverenliyə nail
olması və ABŞ-dan asılılığı aradan qaldırması real görünmür.
Buna baxmayaraq ki, Avropa İttifaqı hələ ki, Çin ilə münasibətlərdə ABŞ-ın tələblərinə boyun əyməyərək
İttifaqın maraqlarına uyğun addım atmağa müvəffəq olub. Doğrudur, bu təhlildə müzakirə edilməyən, amma
ABŞ-Aİ-Çin üçbucağında son aylarda xüsusi aktuallıq qazanmış 5G texnologiyasının inşasında İttifaq ABŞ-ın
tövsiyə və tələblərini nəzərə alıb, amma hətta bu məsələdə də Vaşinqtonun təzyiqinə qarşı müqavimət
göstəriblər. Çinin Avropa iqtisadiyyatı üçün önəmi və İttifaqın ən böyük iqtisadiyyatı olan Almaniya ilə böyük
həcmdə ticarət əlaqələri, Avropanı Pekinlə münasibətlərdə ehtiyatlı davranmağa vadar edir. Çinin iqtisadi
ekspansiya üsullarını və idarəçilik modelini özü üçün “sistemik rəqib” hesab etsə də, pandemiyanın
şiddətləndirdiyi iqtisadi böhran şərtlərində Avropa üçün Çinlə münasibətlər əhəmiyyət kəsb edir.
Avropa İttifaqı Rusiya ilə əlaqələrdə də Vaşinqtonun yürütdüyü siyasi xətti tam dəstəkləmir və daha prinsipial
davranmağın lazım olduğunu bildirir. Buna görədir ki, Prezident Trampdan fərqli olaraq Rusiyanı böyük
yeddilərin sammitinə (G7) qaytarmaq üçün ilk növbədə Moskvanın Ukrayna məsələsində güzəştə getməsinin
və problemin həlli yönündə irəliləyiş əldə olunmasının vacib olduğunu vurğulayır. Lakin, Avropa İttifaqı eyni
zamanda Prezident Makronun geosiyasi vizyonuna uyğun şəkildə Rusiyanı onun üçün həyati olan
məsələlərdə qıcıqlandırmamağa və ikitərəfli əlaqələrdəki problemlərin həlli üçün dialoqa təşəbbüslər
göstərir. Aİ-nin bu yanaşması ona Rusiyanın özünün təsir dairəsi hesab etdiyi keçmiş Sovet ölkələri
regionunda və xüsusilə Şərq Tərəfdaşlığı ölkələri ərazisində qətiyyətli beynəlxalq aktor kimi çıxış etməsinə
mane olur.
Vasif Hüseynov, BMTM-in baş məsləhətçisi
Yazıda əks olunmuş fikirlər müəlliflərə məxsusdur və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin mövqeyini əks etdirməyə bilər