23 İyun 2020 11:42
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19-la əlaqədar distant səsvermə sisteminə keçidin əleyhinəyəm. Milyonlarla kilometr məsafədən səsvermə xarici ölkələrin və başqalarının müdaxiləsinə açıq olacaq. Bu, dövrümüzün skandalı ola bilər.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp 2020-ci il noyabrın 3-də keçiriləcək prezident seçkilərinin distant səsvermə sistemi əsasında keçirilməsi haqqında təklifin əleyhinə çıxarkən deyib.

Hazırda ABŞ-da pandemiya səbəbindən seçkilərin məsafədən səsvermə sistemi əsasında keçirilməsi təklifi gündəmə gəlib.

Distant səsvermə sistemi ilə seçkilərin keçirilməsini “Hiyləli 2020 seçkiləri” adlandıran Tramp bildirib ki, bu halda xarici ölkələr və başqalarının seçkilərə müdaxiləsi mümkün ola bilər: “Distant səsvermə sistemi dəlilikdir. Birinci və ikinci dünya müharibələrində problem olmadan səs verdik. İndi məsafədən səsvermə ilə seçkilərə hiylə qatmaq üçün COVID-19-dan istifadə edirlər”.

Ölkədə irqçliyə qarşı baş verən etiraz aksiyalarındakı zorakılığa diqqət çəkən Donald Tramp deyib ki, insanlar etiraz, üsyan, mağazaları yağmalamaq və hər cür ziyan vermək üçün evlərindən çıxa bilirlərsə, səsverməyə də gələ bilərlər: “Seçkilərin təhlükəsizliyini qoruyaq. Milyonlarla insan səsini distant qaydada göndərəcək. Bunların hara və kimə getdiyini kim biləcək?”

Xatırladaq ki, pandemiyanın təsirinə daha çox məruz qalan ABŞ-da Respublikaçı və Demokratlar seçkilərin məsafədən səsvermə sistemi əsasında keçirilməsi mövzusunda ikiyə bölünüb.

Demokratlar virus səbəbindən seçicilərin seçki məntəqələrinə getməsinin təhlükəli olacağına işarə edərək distant səsvermə sisteminin həyata keçirilməsini istəyir.

Donald Tramp başda olmaqla Respublikaçılar hesab edir ki, məsafədən səsvermə sistemi əslində istismara açıq sistemdir.

Bildirək ki, ABŞ-da hazırda bəzi durumlarda seçicilər seçki məntəqələrinə getmədən məsafədan səsvermə sistemi vasitəsilə səslərini verə bilirlər. Kimlərin hansı situasiyada distant səsverməsini isə ştatların müvafiq qanunları tənzimləyir. Bu halda seçicilər seçkidən öncə onların bülletenlərinin evlərinə göndərilməsini tələb edir. Daha sonra bülletenlərini zərf vasitəsilə seçki mərkəzlərinə çatdırılır.


Müəllif: Cavad