Türkiyənin bəzi şəhərlərində baş vermiş iğtişaşlar zamanı 15 nəfər ölüb.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, ölkənin 6 əyalətində oktyabrın 8-dən komendant saatı elan edilib. Komendant saatı Diyarbakır, Mardin, Siirt, Muş, Van və Batman əyalətində tətbiq edilib.
Məhz bu bölgələrdə etirazlar və iğtişaşlar daha geniş vüsət alıb. Etirazçılar mağazalara və bələdiyyə əmlakına ciddi zərər vurur, polis əməkdaşlarını daş-qalaq edir. Etirazçılar həmçinin yandırıcı maye ilə doldurulmuş şüşə qablarından istifadə edərək bina və obyektlərə, avtomobillərə od vurur.
Etiraz aksiyalarında, əsasən, yerli kürdlər, kürdyönümlü partiyaların və PKK-nın tərəfdarları iştirak edirlər. Suriyanın Kobani şəhəri ətrafında yaranmış vəziyyətin iğtişaşlara əsas səbəb olduğu bildirilir.
Qeyd edək ki, bu şəhərdə “İŞİD” qüvvələri və kürd özünümüdafiə dəstələri arasında hazırda şiddətli döyüşlər davam etməkdədir və etirazçılar rəsmi Ankaranın münaqişəyə müdaxilə etməmək və gözləmə siyasətinə üstünlük verməsinə qarşı çıxış edirlər.