"Nyu-York Tayms" qəzetinin Rusiyanın Talibana Əfqanıstanda ABŞ hərbçilərini öldürməsi üçün mükafat verdiyi barədə iddialarına Kreml cavab verib.
Teleqraf.com xəbər verir ki, nəşr Rusiya kəşfiyyat xidməti ilə Taliban arasında əlaqə barədə informasiyanın ABŞ Prezidenti Donald Trampa mart ayının sonlarında ötürüldüyünü yazıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin belə bir ittihamla üzləşmədiyini, kimsə günahlandırarsa, cavab veriləcəyini söyləyib.
Taliban nümayəndəsi Zabihullah Mucahid heç bir kəşfiyyat xidmətinə bağlı olmadıqlarını açıqlayıb və yayılan xəbərin əsassız olduğunu deyib.
Rusiyanın ABŞ-dakı səfirliyi rəsmi sosial media hesablarında nəşrin iddiaları barədə paylaşım edib: "Rusları günahlandırmaq üçün heç bir səbəb olmasa da, "Nyu-York Tayms" yeni nağıllar uydurur. Qəzetin bu əsassız xəbərindən sonra səfirlikdə çalışan əməkdaşlarımız ölüm təhdidi ilə üz-üzə qalıblar. ABŞ rəsmilərindən lazımi addımlar atılmasını tələb edirik".