ABŞ Prezidenti Donald Tramp gizli telefon danışıqları zamanı Almaniya kansleri Angela Merkeli “axmaq” adlandırıb və onu Rusiyanın təsiri altına düşməkdə günahlandırıb. Böyük Britaniyanın keçmiş Baş naziri Tereza Meyin isə “Brexit”lə bağlı xaraktersizliyini tənqid edərkən, onu “səfeh” adlandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən CNN məlumat yayıb.
Kanalın bildirdiyinə görə, ABŞ Prezidenti Merkel və Meylə söhbətlərdə “amansız hücumlar” edərək onları alçaldıb. Kanalın mənbələrindən birinin bildirdiyinə görə, ABŞ liderinin ittiham nitqləri “demək olar ki, sadistik idi”.
“Onun Angela Merkellə danışdığı bəzi şeylər sadəcə inanılmazdır: o, Merkeli “axmaq” adlandırır və onu rusların cibində olmaqda ittiham edirdi... O, telefon danışığı zamanı ən çox sərtliyi zəif saydığı insanlara göstərir. Və o, sərt olmalı olduqları qarşısında xeyli zəifdir”, – deyə kanalın mənbələrindən biri bildirilib.
Adı açıqlanmayan bir alman rəsmisi təsdiq edib ki, zənglər “o qədər qeyri-adi” olurdu ki, Berlində söhbətin məzmununun gizli saxlanılması üçün xüsusi tədbirlər görülürdü. Kanalın istinad etdiyi məmur Trampın davranışını “çox aqressiv” adlandırıb və qeyd edib ki, bu səbəbdən Merkelin telefon danışıqlarının monitorinqində iştirak edən insanların bəziləri ixtisar olunub.
“Aşağılayıcı və ələ salıcı”, – kanalın mənbəsi təsdiq edir ki, Trampın Meylə danışıqları belə keçib. Hansı ki, Tramp onu “səfeh” adlandırır, həmçinin, “Brexit”, NATO və immiqrasiya məsələsində davranışlarını ardıcıl olmayan adlandırırdı.
Bundan əlavə, mənbələrin sözlərinə görə, Tramp telefon danışıqları zamanı digər Qərb ölkələrinin liderlərini, o cümlədən Fransa Prezidenti Emmanuel Makronu “müntəzəm olaraq ələ salıb və aşağılayıb”. Trampın hücumuna Kanada və Avstraliya baş nazirləri – Castin Trüdo və Skott Morrison da məruz qalıb.
Bununla yanaşı, telekanal bildirir ki, Rusiya və Türkiyə prezidentləri – Vladimir Putin və Tayyib Ərdoğan kimi nüfuzlu liderlər gizli telefon danışıqları zamanı amerikalı həmkarını tez-tez “məğlub edirdilər”. Bu da bir sıra yüksək çinli ABŞ məmurlarında Trampın ölkənin milli təhlükəsizliyi üçün təhdid olmasına əminlik yaradırdı.
Telekanal adı açıqlanmayan Ağ Ev rəsmilərinə və ABŞ kəşfiyyat məmurlarına istinadən Trampın “ciddi mövzuları müzakirə etməyə sistemli şəkildə hazır olmadığını” qeyd edib. Telekanal iki mənbəyə istinadən bildirib ki, Trampın xarici liderlərlə münasibətlərdə tez-tez “ağlasığmaz, mənasız, absurd və dəxli olmayan” danışması qənaətinə prezidentin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşavirləri Herbert Makmaster və Con Bolton, keçmiş müdafiə naziri Ceyms Mettis, keçmiş dövlət katibi Reks Tillerson, eləcə də Ağ Ev aparatının keçmiş rəhbəri Con Kelli və kəşfiyyat əməkdaşları gəliblər.