Liviya məsələsində bizim mövqeyimiz qətidir. General Xəlifə Haftarın legitimliyi yoxdur. Türk donanmasının Fransa hərbi gəmisinə maneə yaratdığı iddiası da yalandır. Burada Fransanın hərəkəti də doğru deyil. Bu nöqtədə Fransa Türkiyədən üzr istəməlidir.
Teleqaf.com xəbər verir ki, bu sözləri Berlində səfərdə olan Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bəyan edib.
Səfər çərçivəsində Türkiyənin baş diplomatı Almaniya Xarici İşlər naziri Heiko Massla görüşərək müzakirələr aparıb. Nazir Çavuşoğlu deyib ki, alman həmkarı ilə bir sıra məsələləri müzakirə ediblər.
Çavuşoğlu əlavə edib ki, Avropa Birliyi (AB) strukturları ilə Türkiyənin yaxşı dialoqu var: “Birlikdə işləyib məsafələr qət edə bilərik. Yunanıstan daxil olmaqla, bütün ölkələrlə qarşılıqlı hörmət və maraqlar çərçivəsində dialoq qurmağa çalışırıq. Suriyada sülh və sabitlik əhəmiyyətlidir. AB-nin də burada oynayacağı rol önəmlidir”.
Liviya haqqında danışan Mövlud Çavuşoğlu bildirib ki, bu məkanda davamlı atəşkəsin əldə edilməsinə çalışırlar: “Ancaq Haftarın atəşkəs məsələsində mövqeyini gördük. Berlin Konfransında nələr olduğunu da bu məsələdə çox cəhdlər edən dostum Heiko və Kansler Angela Merkel gördü. Yəni Haftar atəşkəs məsələsində istəkli deyil”.
Türkiyə XİN-in rəhbəri daha sonra əlavə edib ki, Ankaranın Liviya məsələsində mövqeyi qətidir: “Liviyada Haftarın legitimliyi yoxdur. Gəmilərimizin Fransa donanmasına aid gəmilərə maneə olması, təzyiq etməsi iddiası yalandır. Bu məsələdə Fransanın etdiyi hərəkət doğru deyil. Bizim Fransadan gözləntimiz bizdən üzr istəmələridir”.