Fransa və Türkiyə münasibətləri öz dövrünün növbəti çətin və gərgin mərhələsini yaşayır.
Teleqraf.com xatırladır ki, iyulun 2-də Türkiyənin Parisdəki səfiri İsmayl Haqqı Musa senatorlarla görüşdən sonra Fransanın Şərqi Aralıq dənizində NATO çərçivəsində fəaliyyətini dayandırdığını bəyan etmişdi.
Bu gün isə Fransa Xarici İşlər Nazirliyi Türkiyənin Parisdəki səfirinin senatorlarla görüşü zamanı səhv və qərəzli iddialar önə sürdüyünü və bunu təkzib etmək üçün səfirlə danışdıqlarını açıqlayıb.
Qeyd edək ki, fransız senatorlarla görüşü zamanı türk diplomat İsmayıl Haqqı Musa Fransanı Liviyanın şərqindəki qanunsuz qüvvələrin komandanı Xəlifə Haftara dəstəkdə ittiham edib, ötən ay Aralıq dənizində türk və fransız hərbi donanması arasında yaşanan gərginlikdə Fransa gəmilərinin aqressiv davrandığını bildirib.
Səfir İsmayıl Haqqı Musa əlavə edib ki, Fransa NATO-nun Aralıq dənizindəki xidməti əməliyyatdan geri çəkilib.
Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Aqnes von der Muhll türk diplomatla görüşdüklərini bildirərək açıqlama verib: “Senatorlarla sessiya zamanı səfirin verdiyi yanlış, qərəzli məlumatların orijinal və əskik hissələrini aydınlaşdırmaq istədik. Səfir İsmayıl Haqqı Musaya Türkiyənin davranışlarının qəbuledilməz olduğu da xatırladılıb”.