3 İyul 2020 12:09
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin doğum günüdür. Onun 80 yaşı tamam olur.

Teleqraf.com xəbər verir ki, Nursultan Abişeviç Nazarbayev 3 iyul 1940-cı ildə Almatı vilayətinin Kaskelen rayonunun Çemolqan kəndində anadan olub.

Gənc yaşlarından əmək fəaliyyəıtinə başlayıb. Karaqanda şəhərindəki metallurgiya kombinatında işləyib. Sonra Temirtau şəhərində partiya-komsomol işində çalışıb. 1979-1984-cü illərdə Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi olub. Həmin ildən 1989-cu ilədək Qazaxıstan SSR Nazirlər Sovetinin sədri (baş nazir) vəzifəsində çalışıb. 1989-1991-ci illərdə Qazaxıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi işləyib. 1990-91-ci illərdə Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü olub.

24 aprel 1990-cı ildə Qazaxıstan Respublikasının Prezidenti seçilib. 2015-ci ilin aprel ayında rəsmi rəqəmlərə görə 97,75% səs toplayaraq növbədənkənar prezident seçkilərində beşinci müddətə prezident seçilib. O, bu vəzifədə 20 mart 2019-cu ilədək çalışıb. Həmin gün istefa verib. Buna baxmayaraq Qazaxıstan Təhlükəsizlik Şurasının rəhbəri və hakim “Nur Otan” Partiyasının sədri vəzifələrini özündə saxlayıb, eyni zamanda Qazaxıstan Konstitusiya Şurasının üzvü olaraq qalıb.

Nursultan Nazarbayev postsovet məkanında hakimiyyətdə olma müddətinə görə rekordsmendir. Belə ki, o, 22 iyun 1989-cu ildən Qazaxıstan KP MK-nın birinci katibi kimi 19 mart 2019-cu ilədək, yaxud 29 il, 8 ay, 26 gün Qazaxıstana rəhbərlik edib.

2010-cu ildən rəsmi olaraq “Xalqın lideri” qazaxca “Elbası” titulunu daşıyır. Onun doğum günü Paytaxt Günü adlanan dövlət bayramı ilə üst-üstə düşür. Bu gün Qazaxıstanda qeyri-iş günü hesab olunur.

Dekabrın 1-də Qazaxıstanda Birinci Prezident Günü qeyd olunur. Bu gün də həm dövlət bayramı, həm də istirahət günüdür.

Almatıdakı Prezident parkında, Astanada, Çolpon-Atada (Qırğızıstan), Ukraynada və Ankarada onun heykəli ucaldılıb.

İordaniyada, Türkiyədə, Çeçenistanda və Kazanda onun adını daşıyan küçələr, Alma-Atada prospekt var. Çeçenistan Respublikasında liseyə də onun adı verilib. Bundan başqa universitet, “Nazarbayev intellektual məktəbi”, “Nazarbayev mərkəzi” dövlət müəssisəsi, Aktobe şəhərində park, zanbaq sortu, orden və dağ zirvəsi onun adını daşıyır. Onun şərəfinə Astana şəhərinin adı dəyişdirilərək Nur-Sultan adlandırılıb.

Bu yaxınlarda koronavirusa yoluxan N.Nazarbayev sağalıb və hazırda özünü yaxşı hiss edir.


Müəllif: Səxavət

Oxşar xəbərlər