İyulun 3-də Almaniya parlamenti (Bundestaq) apskertinqi (qadınların ətəklərinin altına baxmağa və gördüklərini fotoaparat və ya telefonla çəkməyə cəhd) cinayət əməli kimi qiymətləndirib.
Teleqraf.com “Deutsche Welle” radiosuna istinadla xəbər verir ki, bundan sonra bu əməlin cəzası cərimə və ya iki ilə qədər həbs olacaq.
İndiyədək Almaniyada apskertinqi qadağalayan və bu əmələ yol verənləri təqib edən qanun olmayıb. Yalnız belə şəkilləri və ya videoları yayan şəxs cinayətkar hesab olunurdu.
Almaniyanın cənubundakı Lüdviqsburq şəhərindən olan iki qız bu problemin həlli ilə aktiv şəkildə məşğul olmağa qərar verib və uğur qazanmağa müvəffəq olublar. Onlardan biri iki dəfə bu növ cinayətin qurbanı olub.
Hanna Zaydel və İda Mari Zassenberq apskertinq üçün cinayət cəzasının tətbiq edilməsinə çağırış edən petisiya imzalayıb. Petisiya 109025 nəfər tərəfindən imzalanıb. Qızların tələbi vəkillər tərəfindən də dəstəklənib.
Avstraliya, Yeni Zelandiya, Şotlandiya və bir sıra digər ölkələrdə apskertinq qurbanları qanunla qorunur. 2019-cu ildə İngiltərə və Uelsdə onlayn-petisiya sayəsində qanunvericiliyə dəyişiklik qəbul edilib və hazırda belə hərəkətlər iki ilə qədər həbslə cəzalandırılır.