ABŞ hərbi komandanlığı "USS Nimitz" və "USS Ronald Reagan" hərbi təyyarədaşıyan gəmilərini təlim məqsədilə Cənubi Çin dənizinə göndərir.
Teleqraf.com xəbər verir ki, ABŞ gəmilərinin bu səyahəti Çin Xalq Azadlıq Ordusunun Cənubi Çin dənizində mübahisəli hesab olunan sularda hərbi təlim keçməsi ilə eyni vaxta təsadüf edir. Çin ordusunun mübahisəli hesab olunan Parasel adaları yaxınlığında iyulun 1-də başlayan beşgünlük təlimlər Vyetnam və Filippinin, eləcə də ABŞ-ın sərt reaksiyasına səbəb olub. Belə ki, Çinin Vyetnam, Filippin, habelə özünü müstəqil dövlət hesab edən Çinin Tayvan adası arasında Parasel adaları üzərində suverenlik məsələsi ilə bağlı mübahisələri var. Birləşmiş Ştatlar açıq və örtülü formada adaların Çinə məxsus olmadığını, ümumiyyətlə, Pekinin Cənubi Çin dənizində hərbi fəaliyyətinin regionda gərginlik yaratdığını iddia edir. Pekin isə öz növbəsində, Vaşinqtonun bu ittihamlarını ciddiyə almayaraq, Cənubi Çin dənizindəki məsələlərə kənar dövlətlərin müdaxiləsini qəti rədd edir.
ABŞ-ın 2 hərbi təyyarədaşıyan gəmisinin Cənubi Çin dənizinə göndərilməsi həm də son vaxtlar Vaşinqton ilə Pekin arasında Honkonq və Sincan Uyğur Muxtar Bölgəsi ilə bağlı məsələlər də daxil olmaqla, Çinin qabaqcıl texnologiya şirkətləri olan Huawei və ZTE-yə Vaşinqtonun tətbiq etdiyi qadağa və məhdudiyyətlər, COVID-19 virusu ilə bağlı qarşılıqlı ittihamların yaşandığı gərgin bir dövrə təsadüf edir. Bəzi ekspertlər ABŞ ilə Çinin "soyuq müharibə"nin astanasında olduğunu, bir qrupu isə bu "müharibə"nin artıq başladığını bildirirlər.
"The Wall Street Journal" ABŞ hərbi mənbələrinə istinadla yazır ki, hərbi təyyarədaşıyan gəmilərin Cənubi Çin dənizinə təlim məqsədli səfəri azad və açıq Hind-Sakit okean hövzəsini dəstəkləmək, habelə tərəfdaşlara və müttəfiqlərə Vaşinqtonun regional təhlükəsizliyə və sabitliyə sadiq olduğu barədə birmənalı siqnal verməkdən ibarətdir. Pentaqon təyyarədaşıyan gəmilərin səfərinin Çinin hərbi təlimlərinə cavab olmadığını bəyan edib.
ABŞ-ın dövlət katibi Mayk Pompeo özünün "Tvitter" səhifəsində Çinin Cənubi Çin dənizində keçirdiyi hərbi təlimləri təxribat xarakterli olduğunu qeyd edib və Vaşinqtonun Pekinin hüquqi əsası olmayan iddialarına qarşı olduğunu bildirib.
Filippinin Müdafiə naziri Delfin Lorenzana da Çinin son hərbi təlimlərini təxribat adlandırıb. Vyetnamın Xarici İşlər Nazirliyi isə Çinə diplomatik nota göndərərək, hərbi təlimlərin Vyetnamın suverenliyini pozduğunu, habelə bu addımın Pekinin Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) ilə münasibətlərini korlaya biləcəyini bəyan edib.
Çin tərəfi isə regiona aid olmayan ölkələrin hərbi fəaliyyətini və güc nümayişini Cənubi Çin dənizində qeyri-sabitliyin əsas səbəbi kimi görür. Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien iyulun 3-də keçirdiyi mətbuat konfransında Sişa adalarının (Parasel adaları) şübhəsiz Çinin ayrılmaz ərazisi olduğunu bəyan edərək deyib ki, Pekinin ada sularında keçirdiyi hərbi təlimlər suverenliyimizin hüdudundadır.
Qeyd edək ki, Pekin Cənubi Çin dənizinin 90 faizinin ona aid olduğu bildirir. Vyetnam, Filippin, Malayziya, Bruney və Çinin Tayvan adası da dənizdəki adalara iddialıdır.