Suriyada Bəşər Əsəd rejimini dəstəkləyən Rusiya Liviyada qiyamçı general Xəlifə Haftara dəstək məqsədilə muzdlu döyüşçülər göndərməkdə davam edir.
Teleqraf.com xəbər verir ki, Rusiya Suriya-İraq sərhədindəki Deyrizorda Əsədə bağlı milislərlə İran tərəfindən dəstəklənən silahlı dəstələrin 300-dən çox döyüşçüsünü 1000-1500 dollar qarşılığında Liviyaya göndərir. Bu döyüşçülərin arasında İran və Əfqan kökənli döyüşçülərin olduğu da deyilir. Muzdlu döyüşçülərin general Haftarın səngərlərlərinə göndərilməzdən əvvəl Rusiyanın Lazkiyə bazasında hərbi kurslar keçdiyi, onlara rus təlimçilərin dərs verdiyi iddia edilir.
Yerli qaynaqlar Liviyaya göndərilən muzdlu döyüşçülərin arasında Bəşər Əsədlə razılaşma imzalayaraq Deyrizora qayıdan və daha sonra Qüds alayları sırasına qatılan ən azı 8 İŞİD döyüşçüsünün də olduğunu bildirir. Rusiyanın indiyə qədər Suriyanın çeşidli məntəqələrindən Haftarın tərəfində döyüşən 2 minə yaxın suriyalı döyüşçünü Liviyaya göndəridiyi təxmin edilir.