Azərbaycan-Amerika Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabovanın rəhbərliyi ilə ABŞ-ın Nyu-York şəhərinin Bruklin səmtində “Azərbaycan Evi” fəaliyyətə başlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, “Azərbaycan Evi”nin açılış mərasimində Nyu-Yorkdakı Azərbaycan, türk, yəhudi cəmiyyətlərinin təmsilçiləri, Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndələri Emil Səfərov, Vüsalə Muradəliyeva, Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin təmsilçisi Fərid Cəbrayılov və digərləri iştirak edib.
Mərasimdə çıxış edən Azərbaycan-Amerika Qadınlar Assosiasiyasının rəhbəri M.Vahabova “Azərbaycan Evi”ni azərbaycanlılar, eləcə də digər türkdilli xalqların toplaşacağı mədəniyyət mərkəzinə çevirmək niyyətində olduğunu bildirib: “Bizim məqsədimiz Nyu-Yorkda, əsasən, Bruklində yaşayan azərbaycanlılar, digər türkdilli icmalarının nümayəndələri, həmçinin Azərbaycan yəhudiləri arasında əlaqələlərin möhkəmlənməsini təmin etmək, onların Vətən həsrətini paylaşması üçün şərait yaratmaq, eləcə də milli adət-ənənələrimizi yaşatmaqdır”.
M.Vahabova qeyd edib ki, burada yaradılmış Azərbaycan ab-havası nəinki azərbaycanlıları, eyni zamanda, Bruklindəki Azərbaycan yəhudilərini, ruslarını cəlb edəcək. Təşkilat rəhbəri deyib ki, “Azərbaycan Evi”ndə milli mətbəximizin təamlarının təqdim edilməsi Azərbaycan mədəniyyətini ABŞ-da tanıtmaq istiqamətində müəyyən rol oynaya bilər.
Səxavət