İstanbul Cinayətlər Məhkəməsinin hakimi Hakkı Yalçınkaya köşə yazısında onu təhqir edən jurnalist Nagəhan Alçı barəsində cinayət işinin açılmasını tələb edib.
Teleqraf.com xəbər verir ki, hakim jurnalistdən İstanbul Baş Prokurorluğuna şikayət ərizəsi verib.
Yalçınkaya ərzəsində təhqir ittihamı irəli sürdüyü Nagəhan Alçının 3 ay 15 gündən, 2 il 4 aya qədər azadlıqdan məhrum edilməsini istəyib.
Hakim Yalçınkaya şikayət ərizəsində Alçının yazısında erməni əsilli jurnalist Qrant Dinkin ölümünə səbəb olduğu iddialarını irəli sürdüyünü bildirib: “Qrant Dinki ölümə aparan və ya ölümünə səbəb olan qərarı mən verməmişəm. Qrant Dinkin öldürüldüyü tarixdə Malatya məhkəməsinin hakimi idim”.
Əlavə edək ki, Nagəhan Alçı bir neçə il əvvəl Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri ilə gündəmə gəlmişdi. Türk jurnalistin bu addımı Azərbaycanda hiddətlə qarşılanmışdı.