Erməni lobbistlərin rəhbərliyi altında radikal millətçi qrupuna aid 30 nəfərədək şəxs ölkəmizin Vaşinqtondakı səfirliyi qarşısında etiraza gəlib. Bu barədə xəbər tutan 150 nəfərədək soydaşımız bir araya gələrək əks-etiraz aksiyası keçirib.
Teleqraf.com Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadla xəbər verir ki, aksiyada soydaşlarımız vətənpərvərlik nümunəsi göstərib, Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətini pisləyib, milli birlik nümayiş etdirib və dövlətimizə dəstəklərini ifadə ediblər.
Niyyətlərinin puça çıxdığını görən erməni radikalları bir sıra təxribata və zorakı təhrikə al atıblar. Soydaşlarımızın sayıqlığı və ABŞ hüquq-mühafizə orqanlarının peşəkar davranışı sayəsində belə təxribatlar və təhriklər nəticəsiz qalıb.
Azərbaycanın dövlət himni və milli musiqisi, o cümlədən “Əsgər marşı” və “Sarı gəlin” kimi ifalar ermənilərin təxribatçı şüarlarını tamamilə susdurub. Heç nəyə nail ola bilməyən, qarşısında özündən qat-qat çoxsaylı Azərbaycan icmasını görən erməni radikalları ölkəmizin səfirliyinin qarşısındakı ərazini tərk edib və öz məğlubiyyətlərini göstərən paylaşımları sosial şəbəkələrdə göstərməkdən çəkiniblər.
Əks-etiraz aksiyasına müxtəlif ştatlardan – Nyu York, Nyu Cersi, Şimali Karolina, Massaçusetts, Virciniya, Merilend və s. ştatlardan qoşulan soydaşlarımız səfirliyimizə dəvət olunub. Səfir Elin Süleymanov soydaşlarımıza onların vətənpərvərliyinə və Azərbaycan dövlətinə dəstəyə görə minnətdarlığını bildirib. Eyni zamanda onları keçirdikləri aksiyalarda yerli qanunlar və COVID-19 pandemiyası ilə əlaqədar tələblərə riayət etməyə, habelə mümkün təxribat və zorakı təhrikdən yayınmağa çağırıb.
Xatırladaq ki, son zamanlar, ABŞ-nin müxtəlif ştatlarında silsilə etiraz aksiyaları keçirilir. Cari ayın 16-da Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında Azərbaycan icması tərəfindən geniş etiraz aksiyası keçirilib.