Hesab edirəm ki, ciddi araşdırmaların aparılmasına ehtiyac var. Bunu kimin etdiyi müəyyən olunmalıdır. Ola bilsin ki, erməni mafiyası və serb mafiyasnın iş biriliyi olub. Beynəlxalq silah satışı ilə quldurcasına məşğul olan qüvvələr birləşiblər. Hesab edirəm ki, rəsmi Belqradın cavabının nə olacağı, hansı araşdırmalar aparacağını gözləmək və nəticələrinə baxmaq lazımdır. Eyni zamanda bu nəticələr haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırmaq lazımdır.
Bu fikirləri Teleqraf.com-a Serbiyanın Ermənistana silah satması haqda deyilənləri şərh edən Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə bildirib.
Onun fikrincə, şübhələr var ki, ABŞ tərəfindən sanksiyalara məruz qalan erməni cinayətkar mafiyası ilə serb mafiyası bu əməliyyatı müştərək həyata keçirib:
“Bu, ciddi şəkildə araşdırılmalı, beynəlxalq ictimaiyyət prosesə cəlb edilməlidir ki, əgər belədirsə cinayətkarlar cəzalandırılsın. Məncə, bu, erməni mafiyasının cinayətlərini dünyaya təqdim edəcək”.
Rəsmi Tiflisin onun ərazisindən Ermənistana silah daşınmadığı haqda təkzib xarakterli açıqlamasına gəldikdə Asim Mollazadə bir daha vurğulayıb ki, bütün bunlar araşdırılmalıdır:
“İsbat etmək lazımdır ki, bu necə gəlib, haradan gəlib və hansı yolla gəlib. Bu, araşdırma tələb edir və Azərbaycan da proseslə ciddi məşğul olmalıdır. Ən azı raket silahları ilə Rusiyadan Ermənistana keçən avtomobillərin fotoları var. Gürcüstan bu prosesdə tranzit yolu kimi istifadə edilib. Gürcüstan bununla bağlı araşdırmaları ciddi aparmalıdır. Əgər, Azərbaycanı özünün strateji portnyoru hesab edirsə, məsələnin üzərinə düşməli və bu cinayəti törədən qüvvələr məsuliyyətə cəlb edilməlidir”.
Millət vəkili daha sonra qeyd edib ki, ABŞ Konqresində hazırda proseslər gedir:
“Ermənistanın törətdiyi cinayətlər, qaçqınlarla bağlı müvafiq sənədlər həyata keçirilir. Bildiyiniz kimi Ermənistanda Rusiya hərbi bazası yerləşir. Eyni zamanda Ermənistan hərbi qüvvələri Suriyada İran və Rusiya hərbçiləri ilə birlikdə fəaliyyət göstərirlər. Məncə, ABŞ-ın ictimai-siyasi xadimlərinin diqqətini bu prosesə cəlb etmək lazımdır. Çünki belə məlumatlar var ki, Ermənistan silahlı qüvələri ilə birlikdə Suriyada savaşan yaraqlılar Azərbaycanın işğal edilən ərazilərinə gətirilir. Həmçinin, Tovuz təxribatı zamanı həmin şəxslərin orada iştirakı araşdırılmalıdır”.