“Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Konqresində qəbul edilmiş qətnamə və bir neçə il əvvəl Avropa Məhkəməsi tərəfindən qəbul olunmuş “Çıraqov və digərləri Ermənistana qarşı” qərarını da bura əlavə etməklə Ermənistana qarşı ciddi təzyiq kampaniyasına start verə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu “Bakı” Politoloqlar Klubun sədri, politoloq Zaur Məmmədov deyib.
Ekspert bildirib ki, ötən həftə Ermənistanın Tovuz təxribatı zamanı xaricdəki erməni diasporu Azərbaycana qarşı növbəti müharibəyə start verdi:
“Bu dəfə, ABŞ Konqresində. ABŞ-dakı erməni diasporu 1992 –ci ildə qəbul edilən “907 –ci” düzəlişin yeni variantinı Azərbaycana qarşı qəbul etdirmək istəyirdi. Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycanla dövlət sərhədi - Tovuz rayonu istiqamətində törətdiyi təxribatdan sonra ABŞ-dakı və başqa ölkələrdəki erməni lobbisi, eləcə də himayədarları aktivləşib. Okeanın o tayındakı erməni lobbisi daha da irəli gedərək, 2021-ci ildə ABŞ-ın Azərbaycana silah satmasını qadağan edən qanunun qəbul olunması təklifi ilə çıxış edib. ABŞ-ın erməni qrupları 2021-ci maliyyə ili üzrə “Milli Müdafiə Maliyyələşmə Qanunu” (“National Defense Authorization Act” – NDAA) layihəsinə Konqresin bəzi ermənipərəst üzvlərinin dəstəyi ilə düzəlişlərin daxil edilməsi istiqamətində səy göstəriblər. Lakin bu dəfə alınmadı. Əksinə, ABŞ parlamenti elə bir qanun qəbul etdi ki, Ermənistan rəsmi olaraq Konqres tərəfindən işğalçı tərəf kimi tanındı.
İyulun 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası respublikaçı Stiv Şabo və demokrat Stiv Koenin təqdimatları əsasında keçirilən səsvermə nəticəsində “National Defence Authorisation Act” sənədinə düzəlişlər qəbul edildi”.
Zaur Məmmədov bildirib ki, bu qanun parlament tərəfindən ABŞ Müdafiə Nazirliyinin xarici istiqamətdəki maliyə əməliyyatlarını tənzimləyir:
“Qeyd etmək lazımdır ki, ABŞ-da iki belə qanun var – “National Defence Authorisation Act” NDAA və “Appropriations to the Department of Defense” (DOD).
ABŞ tərəfindən Cənubi Qafqaza maliyə yardımlarına nəzər salsaq, son illərin statistikası onu deməyə dəlalət edir ki, bölgədə Azərbaycana yardımların sayı bu istiqamətdə artmaqda idi. Əgər əvvəllər bu xətlə ölkəmizə yardımlar 3 milyona qədər olurdusa, 2018 -ci ildə 58.6 milyon dollar, 2019-cu ildə isə 42,9 milyon dollar olub. Eyni zamanda, 2018 -2019 –cu illər ərzində sərhəd qoşunları üçün ABŞ-ın “Caspian Guard” proqramı çərçivəsində ölkəmizə 100 milyon dollarlıq yardım da edilib. Bu yardım çərçivəsində sərhədlərdə təhlükəsizliyin təminatını artırmaq, terrorizm təhdidlərinin qarşısını almaq və onlardan qorunmaq, kütləvi qırğın silahlarının yayılmasına mane olmaq, narko-trafik, insan alveri və digər transmilli təhdidlərlə mübarizəni daha da aktivləşdirmək nəzərdə tutulur.
Qayıdaq 2021-ci maliyyə ili üzrə “Milli Müdafiə Maliyyələşmə Qanunu” layihəsinə - NDAA-nın kifayət qədər statuslu qanun olmasını onun ABŞ-ın Çin və Rusiyaya qarşı sanksiyalarının həm də bu akt vasitəsilə reallaşdırılmasında görmək olar. Məsələn, çinlilərin “Huawey “şirkətinin ABŞ-dakı fəaliyyətinin məhdudlaşdırılması, Rusiyanın Almaniyaya çəkdiyi “Şimal Axını 2” layihəsində şirkətlərə qoyulmuş sanksiyalar da NDAA çərçivəsində qəbul edilib. Bu son qərar isə bölgədə işğalçı və işğala məruz qalan dövlətləri təsbit etmiş oldu”.
Zaur Məmmədov hesab edir ki, bu dəyişikliklər, ABŞ parlamentarizm tarixində erməni diasporu və Ermənistana vurulmuş ən böyük zərbədir:
“Təsadüfi deyil ki, ABŞ-dakı erməni diasporu və lobbi qrupları ciddi şəkildə Konqresə təzyiqlərini artıraraq, etirazlara başlayıblar. Buna həm də ingilisdilli və ermənilərə yaxın olan internet resursların etirazını da aid edə bilərik. Beləliklə, NDAA-ya dəyişikliklər nəticəsində Ermənistan bir daha növbəti sənəddə işğalçı dövlət kimi qeyd olunur və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdışının təmin edilməsi tələb olunur. Başqa sözlə, 296 saylı düzəliş Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü təsdiqləyir. Bu düzəlişdə işğal olunmuş ərazilərdən köçkün düşmüş və həlak olmuş əhali barədə məlumatların ABŞ Dövlət və Müdafiə departamentləri tərəfindən hazırlanacaq birgə hesabatın Konqresə təqdim edilməsi nəzərdə tutulur. Azərbaycan XİN bu qanundan və bir neçə il əvvəl Avropa Məhkəməsi tərəfindən qəbul edilmiş “Çıraqov və digərləri Ermənistana qarşı” qərarını da bura əlavə etməklə Ermənistana qarşı ciddi təzyiq kampaniyasına start verə bilər”.
Ekspertin sözlərinə görə, bu sənəd Azərbaycanın torpaqlarının işğal olunmasını sübut edən növbəti beynəlxalq sənədlərdən biridir:
“Beləliklə, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən tutmuş ayrı-ayrı dövlətlərin və beynəlxalq təşkilatların münaqişə ilə bağlı Azərbaycanın lehinə qəbul etdikləri qərar və sənədlər, verilən bəyanatlar və Konqresin son qərarı sülh danışıqlarında Bakının mövqeyini möhkəmləndirməklə yanaşı, həm də ona işğal altındakı torpaqları müharibə yolu ilə geri qaytarmaq hüququnu verir. Bu isə o deməkdir ki, istər danışıqlarda, istərsə də silahların işə salınması zamanı, Ermənistan birmənalı olaraq işğalçı tərəf kimi qəbul edilir və ediləcək. Belədirsə, Minsk qrupu qarşısında konkret şərtlər qoymağımızın vaxtı çatıb”.