Türkiyənin baş naziri Əhməd Davudoğlunun NATO-nun baş katibi Jens Stoltenberglə son görüşü bir sıra maraqlı məqamlarla diqqəti çəkib. Onun görüşdə "Başda Patriotlar olmaq üzrə NATO-nun bu müddətdə etdiyi qatqılar əhəmiyyətli" ifadəsini işlətdiyi bəlli olub.
Qəbulda Davudoğlu ilə Stoltenberg Suriya, İraq və bölgədəki vəziyyəti NATO-nun maraqları baxımından müzakirə ediblər. Davudoğlu görüş zamanı bölgənin çətin bir dövrdən keçdiyinə işarə edərək, NATO-nun maraqlanması lazım olan az qala bütün problemlərin Türkiyəni, ya da qonşularını doğrudan maraqlandırdığını qeyd edib.
Teleqraf.com-un "TRT Haber"ə istinadən məlumatına görə, Stoltenberg isə NATO-nun İraqda yaşananlardan ən çox təsirlənən ölkə olan Türkiyə ilə həmrəyliyini göstərmək üçün burada olduğunu bildirib. NATO-nun hər vaxt Türkiyəni müdafiə etməyə hazır olduğunu vurğulayan Stoltenberg, Şimali Atlantika Alyansı üçün belə kritik bir bölgədə Türkiyə kimi güclü bir üzvə sahib olmanın şans olduğunu vurğulayıb.
Nail Cəlil