27 İyul 2020 10:08
1 409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) xaricdə yaşayan soydaşlarımıza müraciət edib.

Teleqraf.com xəbər verir ki, müraciətdə həmvətənlərimizə ermənilərin təxribatına uymamaq tövsiyə olunub.

Müraciətdə deyilir:

“Hörmətli həmvətənlər!

Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş hərbi təcavüzü ölkə daxilində olduğu kimi vətəndən uzaqda yaşayan soydaşlarımızın da bir bayraq altında birləşib dövlətimizin və ordumuzun yanında olduğunu bütün dünyaya göstərdi.
Əziz həmvətənlər!

Yaşadığımız həftədə sizlərin dünyanın müxtəlif ölkələrindəki diplomatik nümayəndəlikləri qarşısında göstərdiyiniz alqışa layiq vətəndaşlıq mövqeyiniz bizi son dərəcə qürurlandırdı. Sizlərin dinc xarakter daşıyan etiraz aksiyalarınızda vüqarla dalğalandırdığınız üçrəngli bayrağımızın etibarlı əllərdə olduğuna bir daha əmin olduq. Bu bayrağa nifrətlə baxan şovinist təfəkkürlü ermənilərin Sizlərə qruplar və kütlə halında barbarcasına mütəşəkkil şəkildə hücumlar etməsi bir daha onların cinayətkar xarakterini bütün çılpaqlığı ilə dünyaya göstərdi. Ümidvarıq ki, cinayətkarlar cəzasız qalmayacaqdır.

Əziz soydaşlarımız, indiki və gələcək zamanlarda hər birinizin həyatına ola biləcək real təhlükəni nəzərə alaraq ADR Hərəkatı olaraq biz sizləri erməni təxribatlarına, qışqırtılarına uymamağa; yaşadığınız ölkələrin qanunları çərçivəsində təşkilatlanmağa və onlara qarşı mübarizəni bütün dünyanın qəbul etdiyi sivil qaydada aparmağa çağırırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər