Estoniya Respublikası dünyanın “elektron vətəndaşlıq” verən ilk ölkəsi olacaq. 50 avro (63 dollar) ödəməklə Estoniyanın virtual vətəndaşları ölkədə göstərilən rəqəmli xidmətlərdən istifadə etmək, eləcə də elektron sənədləri imzalamaq imkanı əldə edəcəklər. "International Business Times” nəşrinin məlumatına görə, bura onlayn bank, təhsil və səhiyyə xidmətləri daxildir.
Bu addım hökumət və ölkənin informasiya-kommunikasiya sənayesi arasında əməkdaşlıq nəticəsində yaranan “elektron təşəbbüs” proqramının tərkib hissəsidir. Təşəbbüs Estoniyanı dünyanın ən qabaqcıl ölkələrindən biri etmək məqsədi daşıyır.
Bununla belə, Estoniya hökuməti bəyan edir ki, virtual vətəndaşlıq ölkənin rəsmi vətəndaşlığının alınmasına zəmanət vermir.
Virtual vətəndaşlığı almaq üçün şəxsən Estoniya Sərhəd Xidmətinə gələrək ərizə ilə müraciət etmək tələb olunur. Məsələ ilə bağlı qərar iki həftə ərzində veriləcək və bundan sonra Sərhəd Xidmətinə bir daha gələrək elektron kartı almaq lazım olacaq.
Virtual vətəndaşlıq kartı adi identifikasiya (şəxsiyyət vəsiqəsi) kartı deyil. Sənədin üzərində kart sahibinin fotoşəkli olmur. Fotoşəkli quraşdırılmış təhlükəsizlik sertifikatı və ikifaktorlu autentifikasiya mikroçipi əvəz edir.
Ölkə virtual vətəndaşlıq kartlarını cari ilin sonunadək buraxmağa başlamağı planlaşdırır.
15 yaşı tamam olan bütün Estoniya vətəndaşları identifikasiya kartlarına malikdir. Estoniya xəstəxanaları elektron tibbi sığorta və doğum haqqında elektron şəhadətnamələr verir.
İlhamə