Zəngin amerikalılar arasında son trend digər bir ölkənin də vətəndaşlığını almaqdır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti yazıb.
Qeyd olunur ki, Amerika pasportu bir çox nəsillərə dünyanın əksər ölkələrinə sərbəst səyahət imkanı verib: "Lakin koronavirus pandemiyası vəziyyəti dəyişdirib. Ölkələr öz sərhədlərini yenidən açmağa başlaslar da, onlardan bir çoxu ABŞ-da koronavirusun yayılması davam etdiyi üçün amerikalıları hələ də ölkələrinə buraxmırlar. Bu səyahət məhdudiyyətləri varlı ABŞ vətəndaşları arasında yeni trendin genişlənməsinə səbəb olub – ikinci pasport almaq.
Zəngin amerikalılar xaricə səyahət problemini ikinci ölkənin vətəndaşlığını almaq yolu ilə həll etməyə çalışırlar".
"Hərəkətliliyin məhdudlaşdırılması daha çox insanın birdən çox pasporta sahib olmağın faydalarını dərk etməsinə səbəb oldu”, – deyə investisiya vasitəsilə vətəndaşlıq almaq sahəsində ixtisaslaşan “Arton Capital” maliyyə kompaniyasının prezidenti Armand Arton bildirib.
Artonun sözlərinə görə, son zamanlar onun kompaniyasının xidmətlərinə tələbat 30-40 faiz artıb. Bu xidmətlərin dəyəri Karib dənizi hövzəsi ölkəsinin vətəndaşlığını almaq üçün 100 min dollardan tutmuş Avropa ölkələrindən birinin pasportu üçün 2 milyon dollardan çox ödənişədək dəyişir.
“Arton Capital” rəhbərinin qeyd etdiyi kimi, əvvəllər amerikalılar ona əsasən vergi məsələsi ilə bağlı müraciət edirdisə, indi, pandemiyanın qızğın çağında motivasiya dəyişib.
Ancaq “Vaşinqton Post” qeyd edir ki, bu üsul ABŞ-dan təcili çıxmaq problemini həll etmək istəyənlər üçün münasib deyil, çünki yeni pasport ikinci vətəndaşlıq almaq üçün müraciət etdikdən bir müddət sonra əldə edilə bilər.