Donbas münaqişəsinin nizamlanması üzrə təmas qrupuna daxil olan Kiyev nümayəndə heyətinin yeni rəhbəri, Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk xüsusi status əvəzinə ölkənin cənub-şərqində xüsusi idarəetmə sisteminin qurulmasını təklif edib.
Teleqraf.com xəbər verir ki, Kravçuk işğal altındakı bölgəyə xüsusi statusun verilməsinin doğru olmadığını bildirib.
“Yaxşı deyək ki, Donbasa xüsusi status verildi. Mən bunu qəbul etmirəm, çünki bunun nə olduğunu başa düşmürəm. Ancaq bu bölgələrdən danışan “xüsusi status”un yox, “xüsusi idarəetmə sistemi”nin nə olduğunu anlayıram. Bu kompromisdir. Amma idarəetmə status deyil. Onsuz da bir kompromis, məsələnin həlli üçün real yanaşmalar axtarırıq”, - Kravçuk vurğulayıb.
O hesab edir ki, Donbas Ukraynanın digər bölgələrinə nisbətən daha az hüquq və azadlıqlara sahib olmalıdır: “Çünki onları əvvəlki vəziyyətinə qaytarmaq o qədər də sadə deyil. Bu da ancaq Ukrayna konstitusiyası və Ukrayna qanunları çərçivəsində olmalıdır. Biz yalnız yerli özünüidarəetmə sistemi haqqında danışırıq”.
Heyətin yeni rəhbərinin fikrincə, kompromislər ölkənin suverenliyinə təsir göstərə bilməz.