"Yeni Gürcüstan partiyasının lideri Georgi Vaşadze müxalifət partiyalarının "Birlikdə güc" birliyini tərk edərək qaranlıq tərəfə keçdi".
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili söyləyib.
Parlament seçkilərindən üç ay əvvəl Vaşadze Vahid Milli Hərəkat və digər 10 partiyanı birləşdirən koalisiyadan çıxdığını elan edib. Vaşadze ilə birlikdə Hüquq və Ədalət partiyasının qurucusu Tako Çarkviani də koalisiyadan çıxıb. Vaşadze artıq Gürcüstanın baş naziri vəzifəsinə namizəd olmağı planlaşdırdığını açıqlayıb.
Saakaşvili bunu milyarder və hakim "Gürcü Arzusu" partiyasının qurucusu Bidzina İvanişvilinin oyunları adlandırıb. O, Vaşadze və İvanişvili arasındakı birbaşa razılaşmaların nəyi nəzərdə tutduğunun məlum olmadığını deyib.
"Qaranlıq tərəfə - yanlış tərəfə keçdi. Bundan sonrakı yolu qaranlığa doğru gedəcək. O, İvanişvilinin oyunlarını oynamağı xəyal edirsə, başqaları buna getməyəcək. Gürcü xalqı ilə birlikdə İvanişvilini məğlub etməyi planlaşdırıram", - Saakaşvili vurğulayıb.